spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьи2015 ildə pərakəndə sektorunda 7 rəqəmsal trend

2015 ildə pərakəndə sektorunda 7 rəqəmsal trend

Texnlogiyaların inkişafı ilə bərabər həm müştəri davranışları, həm də biznesin idarəetmə üsulları irəliləyir. Pərakəndə sektoru biznesin ən dinamik parçası olduğuna görə demək olar ki, bütün kəşflər və yeni trendlər bu sektordan başlayır. 2015 il də istisna deyil. Sirkətlər öz satış təcrübələrini artırmaq məqsədilə müxtəlif texnoloji innovasiyaları sınağdan keçirir.

Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq şirkətlər pərakəndə sektorunda İKT-yə iri həcmli yatırımlar qoymağa davam edir. Bu il pərakəndəçilər onlayn və mobil satışa, eləcə də sosial şəbəkələrlə inteqrasiya məsələsinə böyük önəm verirlər. Bu məqalədə Sizə hal-hazırda pərakəndə sektorunun 7 rəqəmsal trendi barədə danışmaq istərdik.

1. Sosial Media satış platformasına çevrilir

instagram copy

Pərakəndə brendlərinin 91%-i ən azı iki, hətta daha çox sosial media kanallarından istifadə edir. Ən çox istifadə olunun sosial media kanalları isə bunlardır:

— Facebook
— Twitter
— Youtube
— Instagram
— Google+

Son illər yuxarıda qeyd olunmuş sosial kanallar brendlər tərəfindən öz məhsullarını təqdim etmək, müştərilə ilə kommunikasiya qurmaq, hətta merçendayzinq qərarları qəbul etmək üçün olduqca geniş surətdə istifadə olunurdu. Lakin, bu ildən etibarən pərakəndəçilərin sosial şəbəkələrdəki fəaliyyət siyahısına satış imkanı da əlavə olunmağa başladı.

Twitter, Instagram və Pinterest kimi sosial şəbəkələrinin platformalarında artıq «buy» («satın al») düyməsi əlavə olunub.

Öz növbəsində Facebook nümayəndələri də iyul ayının 15-də qeyd ediblər ki, bu sosial şəbəkədə «buy» düyməsi hal-hazırda test olunur və yaxın zamanda ictimaiyyətə tam versiyada təqdim olunacaq.

Sosial medianın insan həyatındakı yeri və önəminin dayanmadan artması belə addımları öz bərabərində gətirməyə bilməzdi. Məsələ orasındadır ki, sosial şəbəkələrdən e-ticarət saytlarına keçidlər o qədər də rahat deyil. Amma insanlar bir platformadan digərinə keçid üçün vaxt itirmək istəmirlər. Odur ki, sosial media kanalları belə bir addım atmaqla həmin narahatlığı aradan qaldırmağı hədəfləyir. Bu innovasiya pərakəndəçilər üçün də yeni imkanlar açır. Belə ki, pərakəndə bizneslə məşğul olan şirkət artıq bir platformada müştəri ilə bilavasitə kommunikasiya qurub ona elə buradaca öz məhsullarını təklif edib sata biləcək.

Bu trendin Azərbaycandakı vəziyyəti: təəssüf ki, ölkəmizə hələ gəlib çatmayıb. Çünki sözünü etdiyimiz funksiyalar hal-hazırda yalnız lokal rejimdə işləyir və bizim ölkəni şamil etmir. Düzdür, ümumi baxışda bu, Azərbaycan üçün böyük iki sayıla bilməz. E-ticarətin ölkəmizdə hələ ki zəif inkişaf etmiş olması, yerli şirkətlərin sosial mediada ümumi peşakarlıq səviyyəsinin arzuolunandan aşağı olması həmin funksiyların hal-hazırda elə də faydalı olmayacağına işarət edir.

2. Mobil sektorun inkişafı bütün istiqamətlərdə davam edir

Mobil industriyasında son illər ərzində ciddi ixtiralar qeydə alınmasa da, mobil qurğu və mobil İnternet üzərindən təqdim olunan xidmətlər İKT sektorunun ən çox inkişaf edən sahəsi sayılır. Smartfon və planşetlərin isə alış-veriş prosesindəki rolu getdikçə artır.

Mobil sahəyə istiqamət verən əsas trendlərdən biri də «hərtərəfli yanaşmalı» və ya «360 dərəcəlik» mobil kampaniyalardır. Əvvəllər şirkətlər SMS-servislərə, ardınca mobil və adaptiv dizaynı inkişaf etdirməyə, nəhayət, mobil tətbiqlərin yaradılmasına önəm verirdi. Hazırda isə bütün bunlar birləşdirilərək vahid kommunikasiya kampaniyaları keçirilir: geolokasiya servisləri və sosial şəbəkələr ilə inteqrasiya, üstün səviyyədə hazırlanmış tətbiqlər, eləcə də müxtəlif yeni texnologiyalar əsasında qurulan mobil kommunikasiyalar rəqəmsal aləmin ən böyük trendlərdən biridir.

Geolokasiya servisləri pərakəndəçilərə İnternet və sosial şəbəkələrdən əldə olunan məlumatlar əsasında öz hədəf kütləsinə daha mükəmməl şəkildə çatmağa imkan yaradır.

Aşağıda qeyd etdiyimiz məlumatlar mobil kommunikasiyaların nə dərəcədə vacib olduğunu bir daha sübut edir:

— 2014 ildə mobil kommersiyada satış dövriyyəsi 40 milyard ABŞ dolları təşkil edib (PR newswire);
— Mağaza ziyarətçilərinin 84%-i alış-verişdən əvvəl və ya alış-veriş vaxtı rəqəmsal cihazlardan istifadə edirlər (PR Newswire);
— İstehlakçıların 22%-i rəqəmsal cihazlardan istifadə edərkən daha çox pul xərcləyirlər. Bu alıcıların yarısından çoxu əvvəlcə planlaşdırdıqlarından azı 25% əlavə vəsait xərcləyirlər (PR Newswire);
— Pərakəndəçilərin 82%-inin mobil tətbiqləri var (Retail Customer Experience);
— Növbəti 12-18 ay ərzində pərakəndəçilərin 68%-i mobil e-ticarət texnologiyalarına pul yatırmağı planlaşdırırlar (eTail);
— Mobil ticarətin inkişafı ilə parallel mobil ödənişlər də dayanmadan artmaqdadır (Gartner).

Bu trendin Azərbaycandakı vəziyyəti: sosial şəbəkələrdən fərqli olaraq bizdə bütün mobil imkanlar mövcuddur. Lakin əksər şirkətlərin öz hədəf kütlələrini hələ də tanımaması, saytların mobil dizaynına adaptasiya olunmaması, primitive «bulk-sms»lərdən istifadə etməsi, habelə digər faktorlar həmin istiqamətdə inkişafın sürətini aşağı düşürür.

3. «Əlavə» və «Virtual» reallıq

Samsung Gear vr 1 copy

Əlavə reallıq (ƏR) və virtual reallıq (VR) həlləri son illərin ən perspektivli sahələrindəndir. Burada müşahidə olunan inkişaf pərakəndəçiləri həmin istiqamətə daha çox yatırım qoymağa yönəldir. Şirkətlər artıq başa düşür ki, ƏR və VR qurğularını təkcə oyun və əyləncə kimi deyil, eləcə də innovativ biznes həlli kimi də istifadə etmək olar. Samsung GearVR və Google Cardboard VR dəbilqələri münasib, hər kəs üçün istifadəsi rahat periferik qurğulara çevrilib. Bu qurğular smartfonlarda olan xüsusi proqramlarla işləyir.

Bununla yanaşı, Microsoft HoloLens və bu yaxınlarda bazara çıxarılması gözlənilən Google Glass 2 qurğuları ƏR və VR inkişafını yeni pilləyə qaldıracaq.

Bəzi şirkətlər müştərilərlə kommunikasiyada artıq ƏR və VR-dan aktiv istifadə edir, o cümlədən:

— Volvo şirkəti Volvo’s Google Cardboard ilə virtual test-sürüşləri təklif edir;
— Marriott yeni evlənənlərə virtual bal ayı kampaniyaları təklif edir;
— Lowe’s Home Improvement şirkətinin təqdim etdiyi Lowe’s Holoroom həlli ilə müştərilər istənilən otaq dizaynını özləri tərtib edib onu xüsusi otaqlardan birində görə bilərlər;
— Land Rover yeni avtomobil modellərini müştərilərə virtual «showroom»lar vasitəsilə təqdim edir.

Bu trendin Azərbaycandakı vəziyyəti: yerli bazarda ƏR və VR həllərini hazırda yalnız bir şirkət — Custom AR təklif edir. Bİr neçə uğurlu layihələrə baxmayaraq, bu sahənin inkişafı hələ ki elə də geniş vüsət almayıb. Şirkətlərimiz indiki mühitdə bu sahəyə yatırım qoymağa tələsmir.

4. Videokontent əsas reklam növünə çevrilir

Sıravi vətəndaş gün ərzində çox sayda reklamla üzləşir. Belə hal müştərilərin reklama qarşı münasibətin dəyişməsinə gətirib çıxardır. Ənənəvi reklam növləri ilə alıcı cəlb etmək olduqca çətinləşib. Digər tərəfdən, mobil İnternetin inkişafı ilə mikrovideoların, mobil videokontentin önəmi və istifadə həcmi artır. Mobile World Congress 2015-də yeni 5G standartı barədə çoxlu müzakirələr aparılırdı. Aydındır ki, bu standart tətbiq olunmağa başladıqdan sonra videokontentə tələbat daha da artacaq.

Onlayn Videoların keyfiyyəti heç də ənənəvi TV reklamlarından geri qalmazkən ona çəkilən xərclər qat-qat azdır. Videokontentin yerləşdirildiyi əsas platforma şübhəsiz, Youtube olsa da, Facebookun da bu istiqamətdə böyük addımlar atması diqqət cəlb edir. Mark Zuckerbeg öz çıxışlarının birində vurğulayıb ki, 2020 ildə Facebook-un ümumi həcminin 70-75%-ni video təşkil edəcək. Eyni zamanda, mikrovideoların paylaşılması üçün şirkətlər Vine və İnstagram platformalarından da aktiv istifadə edir.

Bütün bunları yaxşı dərk edən pərakəndəçilər 2015 ildə bu istiqamətə böyük önəm verirlər. Aydındır ki, ildən ilə bu önəm daha da artacaq. Araşdırmalara əsasən ən effektiv video reklamlar 15-30 saniyəlik çarxlardır. Şirkətlərin məqsədi bu qədər qısa müddət ərzində müştərilərdə böyük maraq oyadıb onları baxdıqları reklamı paylaşmağa yönəltməkdir.

Bu trendin Azərbaycandakı vəziyyəti: ölkəmizdə üstünlük hələ də ənənəvi reklam növlərinə verilir.

5. Big Data — Böyük həcmli məlumatlar

BigDataHead copy

Böyük həcmli məlumat və təhlilərdən istifadə edən SMB-lərin (Server Message Block) sayı artır. Şirkətlər öz hədəf auditoriyasını daha yaxından öyrənmək üçün onun haqqında geniş məlumat toplayıb təhlil etmək istəyir. Bütün İnternet istifadəçiləri online alış-veriş vaxtı və ya sosial mediada olduqları zaman kontentlə tanış olarkən “rəqəmsal iz” buraxırlar. Bu, böyük həcmli, strukturlaşdırılmamış məlumatlardır. Şirkətlərin, xüsusilə də pərakəndəçilərin əsas məqsədi istifadəçilərin məxfiliyinə toxunmamaq şərtilə bu məlumatları istehlakçıların xeyrinə istifadə etmək və özləri üçün pula çevirməkdən ibarətdir.

Swarm və Collect tipli şirkətlər pərakəndəçilərə istehlakçıların vərdiş və davranışları barədə məlumat toplayıb təqdim edir. Bu məlumatlara əsaslanaraq şirkətlər öz müştərilərinə daha fərdi yanaşmaq və daha efektiv təklif vermək imkanı əldə edir. Məsələn, 2014 ildə təkcə pərakəndə sektorunda “Big Data”dan istifadə edən şirkətlərin məhsuldarlığı 49%, satışların həcmi isə $9.6 milliard artıb.

Bu trendin Azərbaycandakı vəziyyəti: ölkəmizdə böyük həcmli məlumatlardan əsasən 3 telekom şirkəti — Azercell, Bakcell və NarMobile istifadə edir.

6. Mobil ödəniş həlləri inkişaf etməyə başlayır

Olimpicshop

Mobil cihaz və mobil İnternet istehlak həcminin artması onlayn ödəniş sahəsində də öz əksini tapır. Hal-hazırda mobil ödənişlər əsasən SMS və ya onlayn bank xidmətləri əsasında aparılsa da, Google, Softcard, Apple və CurrentC kimi şirkətlər mobil ödəniş vasitələrinin sayını artırmağa davam edir. Bu sahədə müxtəlif yeniliklər olsa da, müştərilər yeni mobil ödəniş sistemlərini tam qəbul edə bilmirlər. Lakin, bəzi araşdırmalara görə 2017 ildə smartfon istifadəçilərinin 50%-i mobil pul qablarından istifadə etməyə başlayacaqlar.

Bu trendin Azərbaycandakı vəziyyəti: biz dünyada yeni trendə çevrilən mobil ödəniş sistemlərindən olduqca uzaqlardayıq. Ölkəmizdə plastik kart ilə ödənişlərin inkişafı belə hələ başlanğıc mərhələsində olduğundan məlum olur ki, mobil ödəniş sistemlərin Azərbaycanda geniş istifadə olunmasına hələ çox vaxt qalıb.

7. İnformasiya təhlükəsizliyi

illustration-trend-1 copy

İKT inkişaf etdikcə rəqəmsal cihazlardakı məlumatların təhlükəsizliyi həm fərdlər, həm də şirkətlər üçün aktual mövzulardan biridir. Rəqəmsal cihazlar və xüsusən smartfonlar artıq yalnız İnternetə və ya sosial şəbəkələrə giriş üçün istifadə olunmur. Bu qurğular artıq bank hesabları, ev, avtomobil haqqında, eləcə də digər məxfi məlumatlar üçün açardır. İnformasiya təhlükəsizliyində biometrik identifikasiya — barmaq izləri, göz və ya üzün 3D skanı əsas istiqamətlərdən birinə çevrilir.

Online ödənişlər həmçinin xüsusi PİN və Autentifikasiya kodları ilə həyata keçirilir.

Bununla belə, ötən il qlobal şirkətlər məlumatların oğurlanması nəticəsidə orta hesabla $3,5 mlrd itirib ki, bu da 2013 ilə nisbətən 15% çoxdur. 2015 ildə bu rəqəmləri aşağı salmaq üçün şirkətlər müxtəlif həllərin axtarışındadır.

Bu trendin Azərbaycandakı vəziyyəti: fərdi şəxslər üçün bütün cihazlar xaricdən gətirilmiş olduğuna görə təhlükəsizlik səviyyəsi dünya ilə eynidir. Lakin, şirkət səviyyəsində eyni şeyi iddia etmək mümkün deyil. Belə ki, 2015 il ərzində şirkətlərimiz çoxsaylı xaker hücumlarına məruz qalıb.

Əlbəttə ki, sadaladığımız trendlər 2015 ildə rəqəmsal pərakəndə biznes sektorunda yer alan meyllərin sadəcə başlıca olanlarıdır. Bununla yanaşı multikekran, «ağıllı» ev və avtomobil, fərdləşmə trendləri də diqqətə layiq hadisələrdəndir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -