spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиBu il Imagine Cup müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da təmsil olunacaq

Bu il Imagine Cup müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da təmsil olunacaq

Yüksək texnologiyaların inkişafı dövründə sürətlə dəyişən bazar tələblərinə cavab verən tədris sisteminin formalaşması mühüm amillərdən biridir. İldən-ilə iş bazarında yeni peşələr yaranır, lakin bir çox hallarda bu peşələrə hazırlıq müvafiq tədris ocaqlarında bir necə ildən sonra təmin olunur. Bu kimi tələb-təklif fərqinin yaranmasının əsas səbəbi bu peşələrə tələbi formalaşdıran sənayenin inkişaf sürətidir ki, akademik tədris mühiti ona vaxtında uyğunlaşa bilmir.

Akademik tədris müəssisələri tərəfindən təqdim olunan bilik və bacarıqlar əsasən fundamental mahiyyətlidir və qavrama tədris verən qurum tərəfindən qiymətləndirilir. Eyni zamanda sənaye daha çox tətbiqi bacarıqlara diqqət yetirir və sənaye tərəfindən təsdiqlənmiş biliklərə etibar edir. Nəticədə ali təhsil ocağını bitirən tələbə akademik diplom əldə edir, iş təklif edən sənaye isə məzundan sənaye tərəfindən tədarük olunan texnologiyalar üzrə bilikləri gözləyir.

Imagine Cup

Bu tələb-təklif ixtilafını aradan qaldırmaq üçün əksər qlobal informasiya texnologiyaları şirkətləri istehsal etdikləri məhsul və texnologiyalar üzrə müvafiq tədris proqramlarını özləri yaradıb öz məhsulları üzrə sənaye sertifikasiyasını da elə özləri aparırlar. (Microsoft sertifikasiya istiqa-mətləri ilə

www.microsoftlearning.com saytında tanış olun.) Misal üçün, Microsoft Korporasiyası bazara təqdim etdiyi bütün məhsulları üzrə ətraflı tədris məzmunu ilə sertifikasiyanı təklif etməklə bərabər həmin proqramları tələbələr üçün əlçatan edir. Belə ki, Microsoft IT Academy (www.microsoftitacademy.com) və Microsoft Virtual Academy (www.mvaclub.eu) təhsil qurumlarının proqramları vasitəsilə tədris məzmunları tələbələr üçün əlverişli hala gətirilir. Bununla bərabər Microsoft IT Academy proqramına qoşulmuş tədris müəssisələri Microsoft sertifikasiya imtahanlarını bazardakı mövcud qiymətlərdən daha ucuz təşkil etmək imkanı əldə edir. Həmçinin Microsoft Korporasiyası məhsullarını DreamSpark proqramı (www.dreamspark.com) vasitəsi ilə bütün informasiya texnologiyaları tələbələrinə pulsuz təqdim edir.

Bəhs etdiyimiz imkanlar Azərbaycanın bütün təhsil müəssisələri üçün açıqdır. Belə bir yanaşma sayəsində tələbələr təhsil aldıqları müddət ərzində fundamental akademik biliklərlə bərabər sənaye nümayəndələrinin, o cümlədən, Microsoft, Cisco, IBM, HP və s. təqdim etdikləri bilikləri və beynəlxalq sertifikasiyanı əldə edə biləcəklər. Nəticə etibarı ilə, tələbə ali təhsil pilləsini bitirdikdə həm akademik diplom, həm də bir necə beynəlxalq səviyyəli sənaye sertifikatı almış olur və hazırlıqlı bir namizəd kimi iş bazarının tələblərinə daha yaxşı cavab verir.

Hazırda təhsillərinə davam edən tələbələr beynəlxalq sertifikasiya almaqla yanaşı həmçinin İKT Startap kimi biznes qurumu yaradıb orada işləyə bilərlər. Bugünkü İKT bazarının inkişafı əvvəlkinə nisbətən daha yenilikçi ideyalara doğru yönəlməkdədir. Facebook, Twitter, Angry Birds kimi məhsullar bunun bariz nümunəsidir.

Imagine Cup

İKT Startap hərəkatı Azərbaycanda da geniş vüsət almaqdadır. Startapların inkişafı üçün lazımi şərtlər və dəstək də mövcuddur: burada Yüksək Texnologiyalar Parkı, İKT Fondu, Microsoft BizSpark Proqramı, Universitet və Telekommunikasiya şirkətlərində biznes-inkubatorların, müxtəlif milli və beynəlxalq müsabiqələrin adını çəkmək olar. İnkişaf etməkdə olan İKT Startap ekosistemi artıq bir necə tələbə təşəbbüslərini Neuron Technologies, BethClip, AzDimensions, Happy Baku və s. kimi uğurlu biznes layihələrinə çevirib.

Müsabiqələr arasında Microsoft Imagine Cup müsabiqəsini (www.Imaginecup.com) xüsusilə qeyd etmək istərdik. Microsoft tərəfindən təşkil olunan Imagine Cup Korporasiyanın gənc peşəkarlar arasında hər il keçirdiyi müsabiqədir. 2003-cü ildən keçirilməyə başlayan müsabiqəyə indiyədək 183 ölkəni təmsil edən 380000 yarışmaçı qatılıb.

Imagine Cup müsabiqəsinin məqsədi yenilikçi layihə və tətbiqlərin yaradılmasıdır. Yerli və qlobal mərhələlərdən ibarət olan müsabiqə iştirak etməyi arzu edən bütün tələbələr üçün açıqdır. 2015-ci ilin beynəlxalq final mərhələsi önümüzdəki yay aylarında ABŞ-ın Sietl şəhərində keçiriləcək.

Imagine Cup müsabiqəsi gənc mühəndislərin uğurlu yenilikçi ideyalarını işlək məhsul səviyyəsinə çatdırmaqla bərabər eləcə də dünyanın ən istedadlı gənclərini bir arada toplayan ünsiyyət məkanı rolunu oynayır. Microsoft tərəfindən təşkil olunan bu müsabiqə tələbələri öz texniki bacarıqlarını və yaradıcı istedadlarını müxtəlif sosial çətinliklərin aradan qaldırılması yolunda tətbiq etməyə şövqləndirir.

2006-ci ildə keçirilən Imagine Cup müsabiqəsinin finalında Braziliyanı təmsil edən «Trivial» komandası da iştirak etmişdi. Pernambuko Federal Universitetinin üç tələbəsindən ibarət bu komandanı müsabiqəyə görmə qabiliyyətini itirmiş insanların problemləri gətirmişdi. Onların bir neçə texnologiyanı birləşdirib yaratdıqları «Virtual Eye» («Virtual Göz») məhsulu görmə qabiliyyətini itirmiş insanlara tanımadıqları mühitdə hərəkət etmək qabiliyyətini təmin etdi. Məhsulda xüsusi qolbaq, simsiz İnternet texnologiyası və xəritə proqram təminatı birləşdirilib. Görmə qabiliyyətini itirmiş istifadəçinin hər qoluna yerləşdirilən qolbaqlar «Virtual Eye» proqramına və mobil qurğuya yüklənmiş xəritə ilə əlaqə qurur. İstifadəçi hərəkət edərkən sağa və ya sola dönməli olduqda müvafiq qolundakı qolbaq titrəyərək ona bu haqda işarə verir.

Layihə üzərində işləyən İvan Kardim Kordeiro və həmkarları hər kəs üçün adi sayılan imkandan məhrum olanlar üçün həmin imkanı yenidən yaradarkən əslində əvəzolunmaz bir dərs almış oldular. «Əvvəlcə bu layihəni sadəcə Imagine Cup müsabiqəsində iştirak etmək üçün yaratmışdıq, lakin üzərində işlədikcə biz doğrudanda mühüm bir iş gördüyümüzü anladıq» deyən İvan qeyd etdi ki, bu layihəni həyata keçirmək üçün ona görmə qabiliyyəti olmayan babası ilham verib. Müsabiqədən sonra yaradıcı komanda bir necə yerli təşkilatların köməyi ilə bu məhsulun yayılması üzərində işləməyə başladı. «Virtual Eye» məhsulu üçün sərmayə cəlb etməyə nail olan gənclər artıq istehsala başlayıblar.

Yuxarıda qeyd etdiyimiz kimi, dünyaynın ən istedadlı tələbələrini tapıb onları bir araya gətirmək məqsədilə təşkil olunan bu müsabiqə əvvəlcə dünyanın 100-dən artıq ölkəsində keçirilən milli mərhələlərdən başlayır. Milli  mərhələdə qalib gələn komandalar Onlayn Yarımfinal yarışmasında iştirak edir. Yarımfinalda beynəlxalq münsiflər heyəti tərəfindən seçilən 40 komanda öz layihələrini Ümumdünya Finalında təqdim etməyə haqq qazanır. Bir daha xatırladaq ki, 2015-ci ilin Onlayn Yarımfınal mərhələsinin qalibləri Ümumdünya Finalında iştirak etmək üçün ABŞ-ın Sietl şəhərinə səfər edəcəklər.

Imagine Cup

Milli finallarda olduğu kimi, Ümumdünya Finalında müsabiqə iştirakçıları üç nominasiya üzrə yarışacaqlar:

  1. İnnovasiya. Bu nominasiyada texnologiyaların innovativ, əvvəllər yerli və ya qlobal səviyyədə heç kim tərəfindən təqdim olunmamış şəkildə istifadəsini nəzərdə tutan həllər yarışır. Müsabiqə iştirakçılarını qiymətləndirərkən münsiflər əsasən texniki həllin unikallığı, bir və ya bir necə texniki imkanın unikal yolla, unikal məqsədlər üçün birləşdirilməsinə və texniki səlisliyə diqqət yetirirlər.
  2. Oyunlar. Oyunlar arasında aparılan bu yarışmada həlledici amillərdən biri oyunun nə dərəcədə faydalı olmasıdır.
  3. Dünya Vətəndaşlığı. Burada isə insanların, cəmiyyətin və ətraf mühitin mühüm qlobal problemlərinə çözüm gətirən texniki həllər iştirak edir.

Bu il Imagine Cup müsabiqəsində ilk dəfə olaraq Azərbaycan da təmsil olunacaq. Müsabiqənın Milli mərhələsi yanvar ayında başlamışdır. Müsabiqənin təbliğatı kompüter elmləri və mühəndisliyi fakültələri olan universitetlərdə aparılmışdır. İştirak üçün 4 nəfərdən artıq olmamaq şərti ilə tələbələrdən ibarət komandalar dəvət olunmuşdur. Qısa zaman ərzində 20 komanda iştirakçı ərizəsi ilə müraciət edib, 18 aprel tarixində layihələrin texniki nümayişi keçirilib. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasında hər üç nominasıya üzrə qaliblər müəyyən edilmişdir.

Microsoft Imagine Cup müsabiqəsinin Azərbaycan üzrə milli mərhələsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, Nar Mobile və Microsoft Azərbaycan şirkətlərinin dəstəyi ilə həyata keçirilir.

Azərbaycan üzrə Milli Finalın qalibləri «IDEAlists» (Oyunlar nominasiyası), «NoObs» (İnnovasiya nominasiyası) və «Mar-Tech» (Dünya Vətəndaşlığı nominasiyası) komandaları Onlayn Yarımfinalına qatılıb layihə sənədlərini beynəlxalq münsiflərinə təqdim ediblər. Dünya Finalında iştirak edəcək komandaların adları 1 iyun tarixində elan olunacaq.

Müsabiqənin texniki şərtlərinə gəldikdə, bütün layihələr «Visual Studio Family»-nin ən azı bir məhsulundan istifadə etməklə hazırlanmalı və Windows, Windows Phone, Windows Azure platformalarından birinin üzərində yaradılmalıdır. İştirakçılar həmçinin Kinekt üçün Windows SDK, .NET Framework, XNA, Bing Maps API kimi platformalardan, eləcə də lisenziya şərtlərini yerinə yetirməklə digər oyun mühərrikləri, kitabxanalar və əlaqələndirici proqramlardan istifadə edə bilərlər.

Bütün iştirakçı komandalar İKT startapları üçün nəzərdə tutulmuş Microsoft BizSpark (www.bizspark.com) proqramından bəhrələnə bilər. BizSpark proqramı ilə Microsoft məhsullarından və Windows Azure bulud mühitindən pulsuz istifadə edərək məhsul yaratmaq mümkündür. Həmçinin BizSpark üzvləri məhsullarını satmaq üçün Windows və Windows Phone dükanlarında yerləşdirə bilərlər. Belə ki, 2014-cü ilin avqust ayından etibarən Windows və Windows Phone dükanları Azərbaycandan qeydiyyatdan keçmiş proqramçılara pulsuz və pullu tətbiqləri satışa çıxartmaq imkanını verir.

Imagine Cup texnologiyalar üzrə müsabiqə olmaqla bərabər eləcə də iştirakçıları sənaye nümayəndələri ilə tanış edir və onların arasında ünsiyyət yaratmağı hədəfləyir. Ən uğurlu layihələr üçün isə miqyaslı istehsal şəraiti yaradılır. Müsabiqənin qalibləri 3-cü yer üçün 5000 ABŞ dolları, 2-ci yer üçün 10000 ABŞ dolları, 1-ci yer üçün isə 50000 ABŞ dolları həcmində pul mükafatı əldə edir və qlobal İnnovasiya akselerator proqramlarına qoşulur.

Məqsədimiz Azərbaycan tələblərinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımız olan Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı və Nar Mobile şirkəti ilə birlikdə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlarına çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik ki, burada tələbələr fundamental və sənaye bilik-bacarıqları əldə etsinlər, ən son texniki həllərdən və proqramlardan istifadə etsinlər, özlərini tətbiqi həllərin yaradılmasında sınasınlar, müxtəlif yerli və beynəlxalq müsabiqələrə qatılsınlar və təcrübələri əsasında işlək məhsullarını bazara çıxarmağa nail ola bilsinlər.

Müəllif: Emin Axundov, Təhsil Proqramları Meneceri / Microsoft Azərbaycan, [email protected]

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -