Bu saatlarda Barselonada keçirilən MWC 2015 (Mobile World Congress) sərgisində ən gözlənilən qurğulardan biri Samsung şirkətinin Galaxy S6 smartfonu idi. Artıq Unpacked təqdimatı çərçivəsində Samsung Galaxy S6 və Samsung Galaxy S6 Edge smartfonları təqdim olundu!
Samsung Galaxy S6 smartfonunun ön hissəsində 2560 x 1440 ölçülü 5,1″ AMOLED ekran (577 ppi) və ənənəvi Samsung şirkəti loqosusu ilə yanaşı aşağı hissədə «əsas səhifəyə keçid» və barmaq izləri skaneri rolunu yerinə yetirən düymə ilə təchiz edilib. Qeyd edilən göstəricilər ilə yanaşı ön hissədə 5MP kamera, hissiyat və hərəkət sensorları yerləşdirilib. Arxa qapaq Gorilla Glass texnologiyalı şüşədən hazırlanaraq, yanlardan metal korpus ilə haşiyələnib.
Smartfonun daxilində bu gün üçün ən güclü texnoloji yeniliklər quraşdırılıb: 8 nüvəli Exynos 7240 prosessor (4 nüvəli Cortex-A53 1,5 GHz və digər 4 nüvəli Cortex-A57 2,1 GHz) , 3GB LDDR4 RAM, 32/64/128 yaddaş növləri və 2550 mAs həcmli akkumulyator ilə təchiz olunub. Arxa kamera 16MP keyfiyyətində çəkiliş edir.
Təbii, kamera proqramı təkmilləşdirilərək, daha keyfiyyətli çəkiliş təqdim edir. Bundan əlavə kamera işəsalınması 0,7 saniyə ərzində həyata keçəcək.
Galaxy S6 korpusu 143,4 x 70,5 x 6,8 mm ölçülərindədir. Smartfon beş rəngdə təqdim olunur: ağ, qara, qızıl, yaşıl və göy. Daha dəqiq desək, «mirvari-ağlı», «qara-yaqutu», «platin-qızılı», «zümrüdü-yaşılı» (yalnız Edge) və «topaz-göylü» (yalnız S6) rənglərdədirlər. Qurğu 138 qram çəkidədir.
Samsung Galaxy S6 ilə yanaşı təkmilləşdirilmiş Galaxy S6 Edge modeli də təqdim edilib. Samsung Galaxy Note 4 və Samsung Galaxy Note Edge analoq olan qurğu, daxili göstəriciləri ilə də çox oxşardır. Əsas fərq — hər iki tərəfdən qövsvari əyilən ekrandadır. Avropada Samsung GALAXY S6 32/64/128 yaddaşıə versiyalar üçün 699/799/899 avro qiymətində, Samsung GALAXY S6 Edge isə qeyd olunmuş yaddaş versiyalarına uyğun olaraq 849/949/1049 avroya təqdim ediləcək.
Paralel olaraq TouchWiz proqram təminatında dəyişlik edilərək, sadələşdirilib. Təqdimat zamanı yeni istifadəçi interfeysi və imkanlar bir çox izləyicilərə xoş təəssürat bağışlayıb. Samsung həmçinin sürətli enerji toplayan batareya texnologiyası təqdim edib. Belə ki, smartfon 10 dəqiqə enerji topladıqdan sonra 4 saat işləmə imkanı təqdim edir və bu imkan ilə öz rəqibi olan iPhone 6 smartfonunu 2 dəfə üstələyir.
Əlavə olaraq, Galaxy S6 və Galaxy S6 Edge smartfonları ilə uyğunlaşdırılmış Galaxy VR virtual reallıq dəbilqəsi də satışa çıxarılacaq. Təqdimat zamanı şirkətin yeni Samsung Pay ödəniş sistemi də tanıdılıb. Ödəniş sistemi bir çox rəqiblərində olduğu kimi NFC ilə deyil, ənənəvi maqnit lenti üzərində smartfonu yerləşdirərək, barmaq izi ilə təsdiqlədikdən sonra həyata keçiriləcək funksionallıq ilə təchiz edilib. Bu əməliyyatı həyata keçirmək üçün heç bir əlavə qurğu tələb olunmayacağı bildirilib və yay aylarında xidmətin istifadəyə təqdim olunacağı bildirilib.