Rockstar Games-in hələ satışa çıxmamış yeni oyunu GTA VI artıq böyük kommersiya uğuruna imza atıb. Oyunun ilkin sifarişləri milyonlarla nüsxəyə çataraq satışa başlamazdan əvvəl diqqətçəkən nəticə göstərib.
İyunun 25-də açılan ilkin sifarişlər çərçivəsində oyunun standart versiyası 80 dollara, tam versiyası isə 100 dollara təklif olunur. Sensor Tower analitik şirkətinin qiymətləndirməsinə əsasən, oyunçular konsollar üçün GTA VI-nın ümumilikdə 7,71 milyon rəqəmsal nüsxəsini əvvəlcədən sifariş ediblər. Sifarişlərin 74%-i PlayStation 5, qalan 26%-i isə Xbox Series X/S konsollarının payına düşür.
İlkin sifarişlərdən əldə edilə biləcək potensial gəlir təxminən 751 milyon dollar təşkil edir. Bununla belə, Rockstar Games hələlik rəsmi ilkin sifariş göstəricilərini açıqlamayıb. Müqayisə üçün qeyd edək ki, GTA V satışa çıxdığı ilk 24 saat ərzində 800 milyon dollar, ilk üç gündə isə 1 milyard dollar gəlir gətirmişdi. Həmin vaxt bu nəticə əyləncə sənayesi üçün rekord hesab olunurdu.
GTA VI-nın rəsmi təqdimatı 19 noyabr 2026-cı il tarixinə planlaşdırılıb. Oyun PlayStation 5 və Xbox Series X/S platformalarında satışa çıxacaq. PC versiyasının buraxılış tarixi isə hələ rəsmi açıqlanmayıb. Onun 2027-ci ilin birinci rübündə təqdim ediləcəyi gözlənilir.
Konsollarda oyunun əvvəlcədən yüklənməsi noyabrın 10-da başlayacaq. GTA VI-nın fayl ölçüsünün isə 212 GB-a qədər olacağı bildirilir.










