Anthropic Claude Haiku 5.5 adlı yeni süni intellekt modelini təqdim edib. Bu, şirkətin daha əlçatan Haiku ailəsinin yenilənmiş versiyasıdır. Model əsasən çoxlu sayda tapşırığın yerinə yetirildiyi və əsas prioritetin sürət və aşağı xərcolduğu ssenarilər üçün hazırlanıb.
Anthropic-in sözlərinə görə, Claude Haiku 5.5 şirkətin indiyədək hazırladığı ən sürətli modeldir. Buna görə də saniyələrlə ölçülən cavab vaxtının vacib olduğu işlər üçün xüsusilə əlverişlidir. Məsələn, model brauzerlə işləyən AI-agentlərdə və müştəri dəstəyi xidmətlərində real vaxt rejimində istifadə oluna bilər.
Haiku 5.5 həmçinin tez-tez təkrarlanan və böyük həcmdə icra olunan əməliyyatların öhdəsindən yaxşı gəlir. Buraya qısa xülasələrin hazırlanması, kontekstin sıxlaşdırılması, verilənlər bazasına sorğuların göndərilməsi və məlumatların təsnifləşdirilməsi daxildir.
Yeni model proqramlaşdırma prosesində də köməkçi AI-agent kimi istifadə edilə bilər. Anthropic onu daha güclü Sonnet 5.5 və Opus 5.5 modelləri ilə birlikdə işlətməyi təklif edir. Belə yanaşmada Haiku 5.5 daha sadə və sürətli tapşırıqları öz üzərinə götürərək əsas modelin yükünü azalda bilər.
Ən diqqətçəkən məqam isə qiymətdir. Haiku 4.5 ilə müqayisədə yeni modelin istifadəsi orta hesabla 75% ucuzlaşıb. Bununla belə, 100 min tokendən artıq emal tələb edən tapşırıqlarda qiymət 5 dəfə artır. Claude Haiku 5.5 artıq Claude, Amazon Web Services, Google Cloud və Microsoft Azure platformalarında istifadəyə verilib.











