ChatGPT istifadəçiləri tezliklə süni intellektlə şəkil hazırlayarkən reklamlarla da qarşılaşa biləcəklər. OpenAI pulsuz istifadəçilər üçün reklamların göstərildiyi yeni formatı sınaqdan keçirməyə hazırlaşır.
Yeni sistemə əsasən, şəkil yaradılması zamanı proses göstəricisinin altında ayrıca reklam bloku görünəcək. Burada müxtəlif məhsullar, onların istifadə nümunələri və həmin məhsullarla əlaqəli xidmətlər təqdim oluna bilər. Yəni istifadəçi şəkilin hazırlanmasını gözləyərkən eyni ekranda reklam da görə biləcək.
OpenAI bildirir ki, reklamlar ChatGPT-nin cavablarına təsir etməyəcək. Reklam məzmunu süni intellekt tərəfindən yaradılan kontentdən ayrıca göstəriləcək və şirkət reklamların cavabların formalaşdırılmasında rol oynamadığını vurğulayır.
Şirkət eyni zamanda reklamverənlər üçün yeni imkanlar hazırlayır. OpenAI artıq reklamların effektivliyini ölçmək sahəsində tərəfdaşlarla işləyir və yeni inteqrasiyalar xarici sistemlərdəki konversiya məlumatlarının ötürülməsinə imkan verəcək. Bununla belə, reklamverənlər üçün ciddi məhdudiyyət qoyulacaq: onlar istifadəçilərin ChatGPT-dəki yazışmalarına giriş əldə etməyəcəklər. OpenAI həmçinin reklamların emosional, həssas və şəxsi mövzulu söhbətlərdə göstərilməyəcəyini bildirir.
Yeni reklam formatının sınaqları oktyabrın sonunda başlayacaq. İlk mərhələdə sistem yalnız ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq. Reklamlar isə bütün istifadəçilərə şamil edilməyəcək. ChatGPT Plus və Pro, eləcə də Business və Enterprise tariflərindən istifadə edənlər yeni reklamları görməyəcəklər.










