Nothing yeni tam simsiz qulaqlığı Nothing Ear (3a) modelini təqdim edib. Yenilik təkcə insayderlərin əvvəlcədən açıqladığı çəhrayı rəng seçimi ilə deyil, həm də telefon zənglərini yazmaq funksiyası, 45 dB gücündə aktiv səsboğma (ANC) və uzunmüddətli batareya ömrü ilə diqqət çəkir.
Qulaqlıq 20–20 000 Hz tezlik diapazonunu dəstəkləyən 12 mm dinamiklərlə təchiz olunub. O, LDAC, AAC və SBCkodeklərini, məkan səsi (Spatial Audio) texnologiyasını və daxili ekvalayzeri dəstəkləyir. Bundan əlavə, model Hi-Res Audio sertifikatına da sahibdir.
Nothing Ear (3a) altı mikrofonla təchiz edilib. Onlar 40–5000 Hz tezlik diapazonunda 45 dB səviyyəsində aktiv səsboğmanı təmin edir. Qulaqlıqda həmçinin şəffaflıq rejimi (Transparency Mode) və danışıq zamanı istifadəçinin səsini daha aydın ötürən ENC alqoritmləri də mövcuddur.
Bağlantı üçün Bluetooth 6.0 istifadə olunur. Əlavə imkanlar arasında aşağı gecikmə rejimi, eyni anda iki cihaza qoşulma və Audio Snapshot funksiyası yer alır. Bu funksiya sayəsində qulaqlıq 32 MB daxili yaddaşına 1 dəqiqəlik audio fraqmentləri (30 saniyəlik əvvəlcədən yazma imkanı ilə) və ya 2 saata qədər telefon danışığını yadda saxlaya bilir.
Batareya ömrünə gəldikdə, aktiv səsboğma söndürüldükdə qulaqlıq 10 saata, ANC aktiv olduqda isə 6 saata qədər işləyir. Şarj qutusu ilə birlikdə ümumi istifadə müddəti müvafiq olaraq 42 saat və 25 saat təşkil edir.
Nothing Ear (3a) modelinin satış qiyməti 99 ABŞ dollarıdır.









