BYD Pekin avtosalonunda ən bahalı elektromobilini təqdim edib və dərhal satıb. Söhbət təxminən 3 milyon dollar dəyərində olan Yangwang U9 Xtreme modelindən gedir. Bu avtomobil BYD tarixində ən yüksək qiymətə satılan model olub.
BYD əsasən münasib qiymətli elektromobilləri ilə tanınsa da, şirkət son illərdə premium seqmentə ciddi yatırım edir. Hazırda şirkətin avtomobilləri arasında Yangwang, Denza və Fang Cheng Bao kimi lüks alt brendlər də yer alır.
Yangwang U9 Xtreme 2977 at gücünə malikdir. Model 1200 voltluq elektrik arxitekturası və dörd elektromotorla təchiz olunub. Şirkət bu hiperkarın cəmi 30 ədəd istehsal ediləcəyini açıqlayıb.
Avtomobil artıq bir sıra sürət rekordlarına imza atıb. O, təxminən 496 km/saat sürətə çatıb və Nürburgring trasında seriya istehsalı olan elektrik avtomobilləri arasında ən yaxşı nəticələrdən birini göstərib.
Hazırda Yangwang U9 Xtreme dünyanın ən sürətli elektromobillərindən biri hesab olunur.









