Half-Life 2 illərdir oyun dünyasının ən böyük klassiklərindən biri hesab olunur və adətən Valve məhz bu layihə ilə assosiasiya edilir. Buna görə də şirkətin əməkdaşlarından birinin bu məşhur oyuna mənfi rəy yazması internet istifadəçilərinin diqqətini cəlb edib.
Məlum olub ki, 2019-cu ildə proqramçı Adil Sardar oyunun səhifəsində sərt tənqidi rəy yerləşdirib. Onun sözlərinə görə, məşhur şuter əslində heç də ideal deyil. Lakin sonradan məlum olub ki, bu “tənqid” ciddi fikir deyilmiş.
“Bu sadəcə mənfi rəylər sisteminin testidir. Diqqət yetirməyin”, — deyə proqramçı izah edib.
Maraqlısı odur ki, altı il sonra — 2025-ci ildə — Valve şirkətinin dizayneri Olden Kroll həmin şərhə cavab verib. O da zarafatdan geri qalmayıb:
“Salam, cənab. Qeyd etdiyiniz problemi artıq həll etmişik. (Bu da rəy sisteminin testidir, diqqət yetirməyin)”, — deyə dizayner bildirib.
Əslində bu dialoq yeni deyil, lakin Steam və Reddit istifadəçiləri onu yalnız indi kəşf ediblər. Sosial şəbəkələrdə oyunçular zarafatla qeyd edirlər ki, görünür Valve sadəcə “dislike” düyməsinin işlədiyini yoxlamaq istəyib — çünki Half-Life 2 artıq o qədər müsbət rəy toplayıb ki, mənfi şərh demək olar görünmür.




