Audi şirkəti yeni konsept avtomobilini – Concept C modelini təqdim edib. Yenilik markanın dizayn fəlsəfəsində «radikal dönüş» kimi xarakterizə olunur və gələcək nəsil Audi modellərinin istiqamətini göstərir.
Avtomobilin salonu minimalist üslubda hazırlanıb. Burada iri fiziki düymələr ön plana çıxır, 10,4 düymlük ekran isə panelin içində gizlənir və yalnız sürücünün əmri ilə açılır. Sensorlu idarəetmə elementləri isə yalnız lazım olduqda görünür.
Xarici dizaynda dərhal iki dövrəyə işarə hiss olunur: bir tərəfdən 2023-cü ildə istehsaldan çıxarılan kultik Audi TT, digər tərəfdən isə 1930-cu illərin əfsanəvi Auto Union yarış avtomobilləri.
Maraqlı məqamlardan biri odur ki, konseptdə arxa şüşə yoxdur – sürücü yalnız rəqəmsal güzgülərdən istifadə edir. Texniki göstəricilər hələ açıqlanmasa da, məlumdur ki, Concept C tam elektrik ötürməsinə malikdir və arxa təkərdən idarə olunur.