Samsung, işıqlandırması 100 mikrondan kiçik LED-lərdən ibarət olan Micro RGB texnologiyalı yeni televizorunu təqdim edib. Adi işıqlandırmadan fərqli olaraq, bu texnologiya RGB LED-lərin dəqiq idarə olunmasına imkan verir.
Micro RGB texnologiyası Samsung Micro RGB AI mühərrikinə əsaslanır. Bu mühərrik süni intellekt vasitəsilə hər kadrı real vaxtda analiz edir, səsi və görüntünü optimallaşdıraraq daha real və təsirli təsvir təqdim edir. Micro RGB Color Booster Pro funksiyası solğun rəng tonlarını aşkar edib yaxşılaşdırır, Micro RGB Precision Color isə maksimum dəqiqlikdə rəng ötürülməsi və parlaqlıq təmin edir. Şirkətin sözlərinə görə, displey BT.2020 rəng məkanını 100% əhatə edir. Glare Free texnologiyası isə əksləri minimuma endirir və parlaq işıq altında belə rahat baxış imkanı yaradır.Televizor nazik metal korpusa, Tizen OS əməliyyat sisteminə, daxili Bixby səs köməkçisinə və görüntü-səs optimallaşdırması üçün Samsung Vision AI funksiyasına malikdir. Təhlükəsizlik üçün Samsung Knox sistemi mövcuddur və cihazın əməliyyat sistemi 7 il ərzində yenilənəcək.
Yeni Samsung televizoru əvvəlcə Koreyada, daha sonra ABŞ-da, ardınca isə bütün dünyada satışa çıxarılacaq.