Mercedes-AMG yeni futuristik elektrik avtomobili olan Concept GT XX modelini nümayiş etdirib. Bu hiperkar üç ədəd aksial axınlı elektrik mühərriki ilə təchiz olunub və ümumi gücü 1340 at gücünə çatır. Avtomobilin maksimal sürəti 354 km/saat-dır. İstifadə olunan mühərriklər ənənəvi modellərlə müqayisədə 67% daha yüngül və daha kompaktdır.
Yüngül konstruksiya sayəsində avtomobil 3 dəfə daha yüksək gücə nail olur. Mühərriklər enerji ilə NCMA (nikel-kobalt-manqan-alüminium) elementlərindən ibarət 3000-dən çox silindrik hüceyrəli yüksək gərginlikli batareya vasitəsilə təmin olunur. Batareyanın enerji sıxlığı 300 Vt-saat/kq, maksimal şarj gücü isə 850 kVt təşkil edir. Bu isə avtomobilin şarjı çox tez doldurmasına imkan verir.
İki mühərrik arxa hissədə, üçüncü mühərrik isə ön hissəyə quraşdırılıb. Maraqlı məqamlardan biri də odur ki, avtomobil hərəkət zamanı V8 mühərrikinə bənzər səslər çıxarır — bu səslər faraların içində yerləşdirilmiş dinamiklər vasitəsilə verilir. Arxa işıqlar isə proqramlaşdırıla biləndir.
Korpusun xüsusi dizaynı və aerodinamik təkərlərdəki «üzən» qanadlar sayəsində avtomobilin hava müqavimət əmsalı cəmi 0,198-ə endirilib ki, bu da müstəsna göstəricidir.
Concept GT XX-in kütləvi istehsalı ilə bağlı hələlik heç bir rəsmi məlumat yoxdur.