Analitik TrendForce şirkəti 2025-ci ilin birinci rübü üzrə maraqlı bir reytinq yayımlayıb. Reytinq satış həcminə deyil, istehsal olunan smartfonların sayına əsaslanır. Gözlənildiyinin əksinə olaraq, birinci yeri nə Çin brendi, nə də ABŞ-ın Apple şirkəti tutub.
Lider mövqedə Cənubi Koreyanın Samsung şirkəti qərarlaşıb — ilin ilk üç ayında şirkət 64 milyon smartfon istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım deməkdir. Bu nəticə Samsung-a qlobal bazarın 22%-ni ələ keçirməyə imkan verib.
Analitiklər bu uğuru əsasən yeni Galaxy S25 Edge də daxil olmaqla flaqman və qatlanan modellərin yüksək tələbatı ilə izah edirlər. Bundan əlavə, şirkət ABŞ-da tətbiq olunacaq yeni ticarət məhdudiyyətlərindən əvvəl ölkəyə daha çox cihaz ixrac edə bilmək üçün istehsal tempi artırıb.
İkinci pillədə isə Apple yer alır — onun bazar payı 17% təşkil edir. Şirkət cari ilin ilk rübündə 48 milyon iPhone istehsal edib ki, bu da ötən illə müqayisədə 40% azdır. Analitiklərin fikrincə, bu azalmanın səbəbi iPhone 16 seriyasına olan marağın zəifləməsi və Çində Apple məhsullarına olan tələbatın enməsi ilə bağlıdır.
Üçüncü yeri Xiaomi tutur — 42 milyon cihaz və 14% bazar payı. Dördüncü yerdə OPPO (27 milyon, 9%), beşinci yerdə isə vivo (24 milyon cihaz) qərarlaşıb. İlk altılığı isə Transsion holdinqi (Infinix, TECNO, Itel brendləri) tamamlayır.