Çinin Kiberməkanda Nəzarət İdarəsi (CAC), Apple və Alibaba-nın süni intellekt funksiyalarını ölkədə istifadəyə vermək üçün verdiyi müraciətə baxılmasını müvəqqəti olaraq dayandırıb. Financial Times-ın məlumatına görə, səbəb ABŞ və Çin arasında artan siyasi və iqtisadi gərginlikdir – xüsusilə Tramp dövründə tətbiq olunan gömrük rüsumları fonunda.
Çində fəaliyyət göstərən bütün texnologiya şirkətləri süni intellekt xidmətləri təqdim etmək üçün CAC-dan təsdiq almalıdır. Apple-ın Alibaba ilə əməkdaşlıq etməsinə baxmayaraq, proses nəinki sürətlənmir, ümumiyyətlə dayanıb. Səbəb isə bu əməkdaşlığın hökumətin diqqətini cəlb etməsi və ciddi yoxlamalara səbəb olmasıdır.
Financial Times həmçinin qeyd edir ki, Çin tərəfinin Apple-a qarşı bu qədər ehtiyatlı davranması ABŞ-a təzyiq vasitəsi kimi də istifadə oluna bilər. Bu da inandırıcı görünür, çünki xarici süni intellekt texnologiyalarına rəsmi icazə verilməsi ilə bağlı yekun qərarı Çin Dövlət Şurası qəbul edəcək. Hazırda isə Dövlət Şurası ABŞ-la qarşılıqlı gömrük rüsumlarının azaldılması barədə danışıqlar aparır.