Rəsmi təqdimata bir neçə gün qalmış, gələcək HUAWEI WATCH 5 ağıllı saatının ilk real fotosu internetdə yayılıb. Şəklin müəllifi — Çin sosial şəbəkəsi Weibo-da fəaliyyət göstərən məşhur insayder @RuigePlayDigital-dir. O, həm saatın özünü, həm də pərakəndə qablaşdırmasını nümayiş etdirib.
Fotoda saat tünd rəngdə, iri dairəvi ekranla və nazik çərçivələrlə görünür. Aksessuar mavi silikon qayışla təqdim olunub. Güman edilir ki, korpus paslanmayan poladdan hazırlanıb və sağ tərəfində fiziki düymə yerləşir. Saatın yeni sensorla təchiz olunacağı deyilir. Bu sensor barmaq toxunuşu ilə bir neçə sağlamlıq göstəricisini – məsələn, EKG, qan oksigen səviyyəsi və digərlərini – ölçə bilər.
Saatın texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Lakin daha əvvəl internetdə müxtəlif qayış və rəng kombinasiyalarında rəsmi görüntülər (renderlər) yayılmışdı.
HUAWEI WATCH 5-in rəsmi təqdimatı 15 may tarixinə planlaşdırılıb. Məlumata görə, modelin qiyməti ekran ölçüsündən və komplektasiyasından asılı olaraq 499 avrodan başlayacaq.