2027-ci ildə iPhone 20 yaşını qeyd edəcək. Bir çox insan üçün bu cihaz artıq gündəlik həyatın ayrılmaz hissəsidir. Lakin Apple-ın xidmətlər üzrə rəhbəri Eddi Kyu, maraqlı və düşündürücü açıqlama ilə çıxış edib: «Ola bilər ki, 10 ildən sonra artıq sizə iPhone lazım olmasın – nə qədər qəribə səslənsə də.»
Bu sözləri o, süni intellektin insanların həyatındakı artan rolundan danışarkən deyib. Açıqlama, Google-un iPhone-larda axtarış bazarına hökm etməsi ilə bağlı ABŞ-da keçirilən antiinhisar məhkəməsi çərçivəsində verilib.
Eddi Kyunun bu fikirlə konkret nəyi nəzərdə tutduğu tam aydın olmasa da, ehtimal edilir ki, o, gələcəkdə klassik smartfonların öz yerini süni intellektə əsaslanan yeni cihazlara, məsələn, AR (artırılmış reallıq) eynəklərinə verəcəyini nəzərdə tutur.
Apple-ın baş direktoru Tim Kuk da bir müddət əvvəl verdiyi müsahibədə tam funksional AR eynəklərin hazırlanmasını şirkətin əsas prioritetlərindən biri kimi göstərmişdi.