Meizu şirkəti satışa çıxmağa hazırlaşan Note 16 Pro smartfonunun dözümlülük testlərinin nəticələrini paylaşdı. Bu model, TÜV SÜD təşkilatının üç fərqli keyfiyyət sertifikatı ilə təsdiqlənmiş ilk smartfon ola bilər. Maraqlısı budur ki, bu testləri insanabənzər robot həyata keçirib.
Sınaqlar zamanı robot telefonu 1,5 və 3 metr hündürlükdən, həmçinin 1,8 metr hündürlükdən künclərinə və yan hissələrinə yerə atıb. Hətta cihaz Meizu-nun ofisinin damından — təxminən 35 metr hündürlükdən yerə (otlu sahəyə) atılıb. İstehsalçının sözlərinə görə, smartfonun bu qədər dözümlü olması, Titan Shield adlı ərintidən hazırlanmış korpusu ilə bağlıdır.
Bundan əlavə, telefon 2 metr dərinlikdə olan suya yerləşdirilib və orada tam 36 saat qalıb. Bu test, cihazın IP68 standartına uyğun suya davamlı olduğunu təsdiqləmək üçün aparılıb.
Mövcud məlumatlara əsasən, Meizu Note 16 modeli Unisoc T765 prosessoru, Full HD+ təsvir ölçülü 6,78 düymlük IPS ekran və 6600 mAh tutumlu batareya ilə təchiz olunacaq. Note 16 Pro versiyasına isə 6150 mAh tutumlu, 80 vatt sürətli şarj qabiliyyətinə malik batareya və 50 meqapiksellik əsas kamera veriləcəyi gözlənilir.
Yeni Meizu Note 16 seriyasının təqdimatı 13 may tarixində baş tutacaq.