Samsung Galaxy S24 seriyası üçün One UI 7 və Android 15 yeniləməsinin yayımını bərpa edib. Galaxy S24, S24+ və S24 Ultra modelləri üçün yeniləmə müvəqqəti olaraq dayandırılmışdı. Şirkət problemin səbəbini aradan qaldırdıqdan sonra yayımı yenidən aktiv edib. Məlumata görə, əvvəlki versiyada barmaq izi ilə kilid açma funksiyası ilə bağlı texniki nasazlıq aşkar edilmişdi.
Xatırladaq ki, One UI 7 və Android 15 yeniləməsinin yayımına 7 aprel tarixində başlanmışdı. İlk olaraq Galaxy S24 seriyası üçün təqdim olunan yeniləmə daha sonra Galaxy Z Flip6 və Z Fold6 modellərinə də şamil olunmuşdu. Hazırda Cənubi Koreya bazarı üçün S92*NKSU4BYD9 proqram təminatı versiyası istifadəyə verilib.
Artıq yeniləməni quraşdıran istifadəçilər üçün bəzi xətaların aradan qaldırılması məqsədilə əlavə bir yeniləmə tələb oluna bilər. Digər regionlarda da yeniləmənin yaxın zamanda istifadəyə verilməsi gözlənilir.
Yenilənmiş cədvələ əsasən, cari ay Galaxy S24 seriyası və son nəsil qatlanan modellər üçün yeniləmələrin yayımına həsr olunub. Digər modellər, o cümlədən Galaxy S23 seriyası, yeniləmələri ən tez may ayında alacaq.