Tesla şirkəti pilotsuz taksilərin istehsalını artırmaq üçün Cybertruck elektrik pikaplarının istehsalını tədricən azaltmağı planlaşdırır. Texas ştatındakı Gigafactory zavodunun yenidən qurulmasına təxminən 2027-ci ilin ortalarında başlanması nəzərdə tutulur. Bu barədə şirkətin rəhbəri İlon Mask X sosial şəbəkəsində məlumat verib.
Tesla will be winding down production of the Cybertruck at Gigafactory Texas around the middle of next year to make room for increased Cybercab production
— Elon Musk (@elonmusk) November 6, 2026
Maskın sözlərinə görə, pikapların istehsalının mərhələli şəkildə azaldılması robotaksilərin istehsalı üçün əlavə istehsal gücü yaradacaq. Bununla belə, o, Cybertruck modelinin yığımının başqa zavoda köçürüləcəyini, yoxsa avtomobilin istehsalının tamamilə dayandırılacağını açıqlamayıb.
Cybertruck 2023-cü ildən istehsal olunur. Paslanmayan poladdan hazırlanmış bucaqlı kuzovu ilə seçilən qeyri-adi elektrik pikapı ənənəvi Amerika pikaplarına rəqib olmaq üçün hazırlanmışdı. Lakin Reuters-in məlumatına görə, Tesla bu modelə gözlədiyi kütləvi tələbatı yarada bilməyib. Bundan əlavə, Cybertruck dəfələrlə geri çağırılma kampaniyaları və keyfiyyətlə bağlı şikayətlərlə gündəmə gəlib.
İndi isə şirkət əsas diqqətini Cybercab layihəsinə yönəldir. Söhbət tam avtonom hərəkət üçün nəzərdə tutulmuş iki nəfərlik elektrik avtomobilindən gedir. Onun konstruksiyasında ənənəvi sükan və pedallar nəzərdə tutulmayıb. Avtomobili idarə etmək üçün bütün məsuliyyət elektron idarəetmə sisteminin üzərinə düşəcək.









