Mercedes-AMG özünün sıfırdan hazırladığı ilk tamölçülü elektrik krossoveri GT SUV modelini təqdim edib. Ən güclü versiyası 1 153 at gücü hasil edən avtomobil markanın yüksək performanslı modelləri üçün yaradılmış yeni AMG.EA platforması üzərində qurulub.
GT SUV bu platformada istehsala buraxılan ikinci modeldir. Ondan əvvəl dördqapılı GT təqdim edilmişdi. Yeni elektrik krossoveri üç versiyada satışa çıxacaq: GT 53, GT 55 və GT 63. Qeyd edək ki, GT 53 iki sinxron elektrik mühərriki ilə təchiz olunub, GT 55 və GT 63 modellərində isə oxboyu maqnit axını texnologiyasından istifadə edən üç mühərrik quraşdırılıb. Ən güclü GT 63 versiyasında iki mühərrik arxa, biri isə ön oxda yerləşir. Sistemin ümumi pik gücü 860 kVt-a, yəni 1 153 at gücünə çatır. Müqayisə üçün, Porsche Cayenne Turbo Electric modeli Launch Control rejimində 850 kVt güc hasil edir.
Batareya 12 dəqiqəyə 80%-dək doldurulur
Belə güclü elektrik sisteminin uzun müddət yüksək yüklənmə altında işləməsi üçün Mercedes-AMG batareyanın soyudulmasına xüsusi diqqət yetirib. Akkumulyatorda NCMA katodlu və silisium əlavəli anodlu silindrik elementlərdən istifadə olunur. Hər bir elementin ətrafında elektrik keçirməyən xüsusi yağ dövr edir. Bu sistem həm dinamik sürüş zamanı, həm də yüksək güclə şarj doldurularkən istiliyin daha səmərəli şəkildə uzaqlaşdırılmasına kömək edir.
GT 55 və GT 63 üçün faydalı tutumu 106 və 128 kVt·saat olan batareyalar təklif edilir. GT 53 isə 106 kVt·saatlıq akkumulyatorla təchiz olunur. 800 voltluq elektrik arxitekturası sayəsində kiçik batareya maksimum 600 kVt, böyük batareya isə 710 kVt güclə enerji qəbul edə bilir.
128 kVt·saatlıq batareyanın 10%-dən 80%-ə qədər doldurulması təxminən 12 dəqiqə çəkir. Cəmi 10 dəqiqəlik şarj doldurma ilə WLTP ölçmə dövrünə əsasən təxminən 450 km məsafə qət etmək üçün enerji toplamaq mümkündür. Böyük batareyalı versiyaların maksimal yürüş ehtiyatı isə 700 km-ə çatır.
İdman avtomobilinə uyğunlaşdırılmış asqı sistemi
Yüksək gücü yola effektiv ötürmək üçün avtomobilin şassisi də xüsusi olaraq hazırlanıb. AMG ACTIVE RIDE CONTROL+ asqı sistemi ənənəvi köndələn sabitləşdiricilərdən istifadə etmir. Onların yerinə aktiv hidravlik elementlər quraşdırılıb. Bu sistem döngələrdə kuzovun yana əyilməsini, əyləcləmə zamanı ön hissənin aşağı enməsini və sürətlənmə zamanı avtomobilin ön hissəsinin qalxmasını azaldır.
Asqı üçpilləli pnevmatik yaylarla birlikdə işləyir. Arxa təkərlər isə 6 dərəcəyədək dönə bilir ki, bu da iri avtomobilin idarəolunmasını yaxşılaşdırmağa kömək edir. Bununla belə, GT SUV kifayət qədər ağır avtomobildir. DIN standartına əsasən, 128 kVt·saatlıq batareya ilə təchiz olunan GT 63-ün çəkisi 2 695 kq təşkil edir. Ön hissədə isə 78 litr həcmə malik əlavə baqaj bölməsi yerləşdirilib.
Süni intellektli köməkçi və V8 mühərrikini xatırladan səs
Mercedes-AMG elektrik avtomobilində ənənəvi idman modellərinə xas emosiyaları da qorumağa çalışıb. GT 55 və GT 63 modellərindəki AMGFORCE Sport+ rejimi əsl AMG V8 mühərriklərinin səsini təqlid edir. GT 53-də isə altısilindrli mühərrikin səs yazılarından istifadə olunur.
Sistem yalnız mühərrik səsini canlandırmır, həm də sürət dəyişmələrini imitasiya edir. Sürücü sükanaltı ləçəklərlə virtual ötürmələri dəyişə bilir, oturacaqlardakı vibrasiyalar isə sürüş hissini daha real etməyə yönəlib.
Salonda MB.OS əməliyyat sistemi əsasında işləyən yeni multimedia kompleksi quraşdırılıb. Mərkəzi ekranın diaqonalı 14 düymdür. Səsli köməkçiyə ChatGPT, Microsoft Bing və Google Gemini inteqrasiya edilib. Bunun sayəsində sürücü məlumat axtara, marşrut qura və bir neçə mərhələdən ibarət dialoq apara bilər. İqlim nəzarəti, hərəkət rejimləri və salon işıqlandırması kimi avtomobil funksiyaları isə ayrıca səsli əmrlərlə idarə olunur.
Trekdə sürüş üçün ayrıca ağıllı sistem
GT SUV trekdə istifadəni nəzərə alan Predictive Performance Manager sistemi ilə də təchiz edilib. Sistem trasın konfiqurasiyasını əvvəlcədən nəzərə alaraq müxtəlif hissələrdə gücün paylanmasını dəyişir. Enişlərdə və yavaş döngələrdə enerji sərfiyyatını və istilik yükünü azaltmağa, bununla da yoxuşlarda və uzun düzlüklərdə daha çox güc ehtiyatı saxlamağa çalışır.
Mercedes-AMG GT SUV ABŞ-da 2027-ci ilin yayında satışa çıxarılacaq. Modelin qiyməti hələ açıqlanmayıb.














