Epic Games Store həftəsonu öncəsi oyunçulara daha bir hədiyyə hazırlayıb. Bu dəfə platformada iki qorxu oyununu pulsuz və həmişəlik əldə etmək mümkündür.
İlk oyun piksel qrafikalı ikiölçülü qorxu-macəra oyunu Home-dur. Baş qəhrəman özünə yad bir evdə ayılır, lakin ev tədricən dəyişməyə başlayır. Tərtibatçıların sözlərinə görə, oyunçunun qərarları hekayənin gedişinə təsir edir, hadisələr isə baxış bucağından asılı olaraq dəyişir. Oyunun Steam-dəki istifadəçi reytinqi 69%-dir.
İkinci hədiyyə Maid of Sker qorxu oyununun spin-off-u olan Sker Ritual-dır. Bu, dörd oyunçunun Sker adasının zombiləşmiş sakinlərindən ibarət dəstələrə qarşı mübarizə apardığı kooperativ qorxu-şuteridir. Oyunun Steam-dəki reytinqi 84% təşkil edir.
Hər iki oyunu 29 oktyabr, Bakl vaxtı ilə saat 19:00-dək Epic Games Store kitabxananıza əlavə edə bilərsiniz. Növbəti pulsuz hədiyyə isə Sorry We’re Closed qorxu oyunu olacaq.









