Sony PlayStation ekosistemi üçün yeni naqilsiz aksesuarlarını təqdim edib. Şirkət PlayStation Pulse seriyasına daxil olan iki yeni qulaqlıq modelini — Pulse və Pulse Edge — anons etdi.
Hər iki model planar maqnitli drayverlər və süni intellekt əsaslı mikrofon səs-küyboğma sistemi ilə təchiz olunub. PlayStation Link adapterindən istifadə etməklə qulaqlıqlar itkisiz səs ötürülməsini dəstəkləyir. Adapter yalnız PS5 və PS Portal ilə deyil, həmçinin PC və Mac kompüterləri ilə də işləyir. Bundan əlavə, hər iki model standart Bluetooth bağlantısına malikdir.
Sony yeni qulaqlıqların dizaynını da yeniləyib. Korpusun quruluşu uzunmüddətli istifadə zamanı rahatlığa və daha yüksək davamlılığa fokuslanıb.
Daha üst səviyyəli Pulse Edge modeli baza versiyasından daha çox planar maqnitə malikdir. Bu, daha dolğun və zəngin səs təqdim etməyə imkan verir. Bundan başqa, Edge modelində 3,5 mm audio çıxışı var və komplektə qulaqlığın daşınması üçün xüsusi qoruyucu futlyar da daxildir.
PlayStation Pulse 2026-cı ilin sonunda, Pulse Edge isə 2027-ci ilin əvvəlində satışa çıxarılacaq. Yeni modellərin qiyməti hələ açıqlanmayıb.










