ДомойAI / MLMeta Muse gündəlik işləri sizin əvəzinizə görəcək

Meta Muse gündəlik işləri sizin əvəzinizə görəcək

Meta gündəlik həyatın bir çox işini istifadəçinin əvəzinə yerinə yetirə bilən Muse adlı yeni süni intellekt agentini təqdim edib. Artıq elektron məktub yazmaq, səfər bron etmək, alış-veriş siyahısı hazırlamaq və hətta bəzi ödənişləri həyata keçirmək kimi işləri sadəcə söhbət vasitəsilə Muse-a tapşırmaq mümkün olacaq.

İstifadəçi Muse-u öz zövqünə uyğun fərdiləşdirə bilər: ona ad vermək, avatar seçmək, görünüşünü dəyişmək və insanla necə ünsiyyət quracağını müəyyənləşdirmək mümkündür.

Muse nələri bacarır?

Muse istifadəçinin qoşduğu müxtəlif xidmət və tətbiqlərlə işləyə bilir. Bunlara elektron poçt, təqvimlər, ödəniş sistemləri, sağlamlıq və fitnes xidmətləri, ağıllı ev platformaları, yemək sifarişi və onlayn alış-veriş xidmətləri daxildir.

Agent Muse Spark modeli əsasında çalışır. Xidmətin hazır konnektoru yoxdursa, lakin onun açıq API-si mövcuddursa, Muse istifadəçinin təqdim etdiyi giriş məlumatları əsasında bağlantını özü qura bilir. API ümumiyyətlə yoxdursa, agent xidmətdən brauzer vasitəsilə istifadə edə bilər.

Ən maraqlısı isə bütün prosesin adi söhbət formasında baş verməsidir. Məsələn, Muse istifadəçinin adından e-poçt göndərə, səyahət bron edə, xərcləri azaltmaq üçün variantlar tapa, müxtəlif formaları doldura, planlar hazırlaya, videodakı resept əsasında alış-veriş siyahısı yarada və tədbirlərə dəvətlər göndərə bilər. Hətta Stripe Link vasitəsilə alış-veriş də edə bilir.

Təhlükəsizlik məsələsi necə həll olunur?

Meta bildirir ki, agent Muse Secure VM adlı ayrıca qorunan hesablama mühitində və öz brauzeri daxilində işləyir. Şirkətin sözlərinə görə, agent istifadəçinin parollarına və ödəniş məlumatlarına çıxış əldə etmir.

Üstəlik, vacib əməliyyatlar zamanı son söz yenə istifadəçiyə məxsusdur. Məsələn, biletin ödənişi kimi mühüm əməliyyat həyata keçirilməzdən əvvəl Muse istifadəçidən birbaşa təsdiq istəyəcək.

Muse-un ilk mərhələdə veb-versiyada, Apple iOS və Google Android tətbiqlərində, həmçinin WhatsApp çatları vasitəsilə istifadəyə verilməsi planlaşdırılıb. Gələcəkdə agentin Meta smart eynəklərinə də inteqrasiya ediləcəyi gözlənilir.

Muse-un əsas funksiyaları pulsuz təqdim olunur. Daha geniş imkanlar isə ayda 20 dollarlıq Power və 100 dollarlıq Maximum tariflərinə daxil ediləcək. Tətbiq istifadəçiyə mövcud limitinin nə qədər qaldığını da göstərir. Limit bitdikdə isə sistem ödənişli abunəliyə keçməyi təklif edir.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,724ФанатыМне нравится
1,007ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -