ДомойИнтервьюFərrux Fərəcullayev: «Milli LLM-lərin yaradılması sadəcə texnoloji trendi izləmək deyil, milli rəqəmsal...

Fərrux Fərəcullayev: «Milli LLM-lərin yaradılması sadəcə texnoloji trendi izləmək deyil, milli rəqəmsal müstəqillik məsələsidir»

“AzInTelecom” şirkəti son illər ərzində infrastruktur operatorundan Azərbaycanın rəqəmsal transformasiyasının əsas iştirakçılarından birinə çevrilib. Şirkət milli bulud platformasını inkişaf etdirir, süni intellekt sahəsində layihələr üçün superkompüter infrastrukturu yaradır, müasir rəqəmsal identifikasiya xidmətlərini tətbiq edir və ölkənin texnoloji müstəqilliyinin formalaşdırılmasında iştirak edir.

Azərbaycanın nə üçün öz böyük dil/LLM modellərinə ehtiyac duyduğu, AI Sovereignty konsepsiyasının hansı rol oynadığı, Milli Superkompüter Mərkəzinin necə inkişaf etdiyi və süni intellektə etimadın niyə onun kütləvi tətbiqinin əsas amilinə çevrildiyi barədə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayevlə söhbət etdik.

— Bu il AzInTelecom-un fəaliyyətə başlamasından 11 il ötdü. Ölkəmizin rəqəmsal infrastrukturu və rəqəmsal transformasiyası baxımından keçən bu 11 illik müddət ərzində AzInTelecom-un inkişafında hansı hadisələri və layihələri əlamətdar hesab edirsiniz?

— Ötən 11 ili “AzInTelecom”un infrastruktur provayderindən ölkənin rəqəmsal gələcəyinə yön verən şirkətə çevrilməsi kimi dəyərləndirə bilərəm. Cənubi Qafqazda ilk dəfə «TIER III» standartlı Data Mərkəzinin qurulması həm dövlət, həm özəl qurumlarda məlumatların ölkə daxilində tam təhlükəsiz saxlanılmasına bünövrə yaratdı. Bu uğurun davamı olaraq, şirkətə «Hökumət Buludu» layihəsinin operatorluğu həvalə edildi və dövlət qurumlarının vahid rəqəmsal məkana köçürülməsinə başlanıldı.

Məlumat Hesablama Mərkəzinin “AzInTelecom”a birləşdirilməsi, rəqəmsallaşma istiqamətində yaradılan şərait bizə yeni nəsil texnoloji məhsullar yaratmaq imkanı verdi. Bunun ən bariz nümunəsi süni intellekt və biometrik texnologiyalara əsaslanan, vətəndaşların və bizneslərin rəqəmsal xidmətlərə çıxışını asanlaşdıran SİMA rəqəmsal həllər platformasıdır. Hansı ki, bu gün artıq “SİMA İmza” mobil tətbiqinin yüklənilmə sayı 7 milyondan çoxdur. Bu göstərici ilə “SİMA İmza” ən çox istifadəçisi olan dövlət tətbiqidir. Artıq dövlət və özəl olmaqla bir çox elektron sistemlərə giriş uzaqdan məhz SİMA ilə edilir, sənədlər məsafədən SİMA ilə imzalanır. Ən əsası, vətəndaşlarımız bu imzanı əldə etmək üçün heç yerə getmir, heç bir ödəniş etmir.

Bundan başqa, 2022-ci ildə məlumatların regional dayanıqlılığını təmin etmək üçün Yevlaxda Ehtiyat Data Mərkəzini istifadəyə verilməsi ilə miqyasımızı daha da genişləndirmişik. Kibertəhlükəsizlik istiqamətində etibarlı tərəfdaşa çevrildik və son olaraq ölkənin rəqəmsal gələcəyi üçün mühüm bir işə imza ataraq – ölkədə ilk superkompüter infrastrukturu yaratmışıq.

— Bu illər ərzində Data Mərkəzinin gücü, əməkdaşların sayı və xidmətlərindən istifadə edən təşkilatların sayı nə qədər artıb?

— Hazırda təkcə “Hökumət Buludu” layihəsi çərçivəsində 140-dan çox dövlət qurumu öz rəqəmsal infrastrukturunu şirkətimizin data mərkəzlərinə köçürüb, ümumilikdə isə bulud xidmətlərindən istifadə edən dövlət və özəl təşkilatların sayı 300-ə yaxındır.

Eyni zamanda, “AzInTelecom” MMC MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk bulud provayderidir. Bu sertifikat şirkətin Bakı Əsas Data Mərkəzinin maliyyə qurumlarına yüksək təhlükəsizlik standartlarına cavab verən bulud xidmətləri göstərmək hüququnu təsdiqləyir. Son illərdə bulud xidmətlərinə tələbat və istifadə həcmi daha da artıb, Yevlaxda ehtiyat data mərkəzi istifadəyə verilib. Artan tələbatı nəzərə alaraq, Abşeron və Hacıqabulda yeni milli data mərkəzlərinin inşasına başlanılıb. “AzInTelecom”un data mərkəzləri TIER III beynəlxalq standartlarına tam uyğun olaraq layihələndirilib və fasiləsiz iş qrafiki ilə xidmət göstərir. İnfrastruktur kəsintisiz enerji, müasir soyutma sistemləri və yüksək səviyyəli kiber və fiziki təhlükəsizlik protokolları ilə qorunur. ISO 27001 və ISO 20000 beynəlxalq sertifikatlarına malik olan bu mərkəzlər məlumatların lokal səviyyədə təhlükəsiz saxlanılmasını uğurla həyata keçirir. Bu texniki imkanlar sayəsində data mərkəzləri həm dövlət qurumlarının, həm də irimiqyaslı şirkətlərin məlumatlarını etibar edə biləcəyi İT qovşağı rolunu oynayır.

Son olaraq, NVIDIA H200 GPU bazasında qurulan Superkompüter Mərkəzi isə yerli süni intellekt layihələrinin inkişafına dəstək verən texnoloji imkanları daha da gücləndirib.

— Zəhmət olmasa, AzInTelecom bazasında superkompüter mərkəzinin yaradılması layihəsinin məqsədləri barədə danışardınız.

— Milli Superkompüter Mərkəzinin qurulması “AzInTelecom”un fəaliyyətində sadəcə infrastruktur böyüməsi deyil, ölkəmizin qlobal texnoloji trendlərə, xüsusilə də süni intellekt əsrinə tam inteqrasiyasını təmin edən strateji bir addımdır. NVIDIA H200 GPU çipləri üzərində qurulan bu infrastrukturun yaradılmasında əsas məqsədlərimizi bir neçə mühüm istiqamətdə xülasə edə bilərəm. Birincisi və ən mühümü, milli süni intellekt ekosisteminin yaradılması və böyük verilənlərin emalıdır. Müasir dövrdə süni intellekt modellərinin öyrədilməsi və mürəkkəb alqoritmlərin işlənməsi üçün nəhəng hesablama gücləri tələb olunur. Bu mərkəz sayəsində yerli startaplar, tədqiqatçılar və dövlət qurumları xarici bulud platformalarından asılı olmadan, öz süni intellekt layihələrini ölkə daxilində inkişaf etdirə biləcəklər. İkincisi, məlumat təhlükəsizliyinin təmin edilməsidir. Ölkə üçün strateji əhəmiyyət kəsb edən irimiqyaslı dövlət verilənlərinin, elmi və iqtisadi məlumatların xarici ölkələrdəki serverlərə ötürülmədən, məlumat təhlükəsizliyinin qorunmasında həlledici rol oynayır. Üçüncüsü, elmin və sənayenin rəqəmsal transformasiyasını sürətləndirməkdir. Superkompüter Mərkəzi ənənəvi serverlərin günlərlə vaxt apardığı mürəkkəb hesablamaları saniyələr içərisində həyata keçirir. Bu isə bir çox sahələrdə dövlətə və biznesə sürət qazandırır. Nəticə etibarilə, bu layihənin əsas məqsədi Azərbaycanı regionda təkcə texnologiya istehlak edən yox, həm də yüksək texnologiyalar və süni intellekt həlləri istehsal edən rəqəmsal mərkəzə çevirməkdir.

— Azərbaycanın öz LLM (red. — insan dilini başa düşmək, təhlil etmək və təbii mətnlər yaratmaq üçün nəzərdə tutulmuş qabaqcıl süni intellekt texnologiyası) modellərini yaratması rəqəmsal ekosisteminin inkişafına necə töhfə verə bilər və bu “AI Sovereignty” anlayışı ilə necə əlaqəlidir?

— Milli LLM-lərin yaradılması sadəcə texnoloji trendə qoşulmaq deyil, birbaşa milli rəqəmsal müstəqillik məsələsinə toxunur. Bu, ilk növbədə yerli inkişafa böyük təkan verir. Azərbaycan dilini, daxili biznes kontekstini və hüquqi terminologiyanı dəqiq anlayan modellər dövlət xidmətlərindən tutmuş bankçılıq və təhsilə qədər bir çox sahədə avtomatlaşdırmanı sürətləndirir. Eyni zamanda yerli mütəxəssis və startapların xarici infrastrukturdan asılı olmadan innovasiya yaratmasına imkan yaradır. İkinci vacib məqam – “AI Sovereignty” dövlətin öz Süni intellekt texnologiyalarına və datasına nəzarət etmək hüququdur. Bütövlükdə, öz modelimizə sahib olmaq Azərbaycanın xarici texnologiyaların sadəcə istehlakçısı deyil, öz rəqəmsal gələcəyini müstəqil quran istehsalçı dövlətə çevrilməsi deməkdir.

Şirkət olaraq biz bu sahənin inkişafı üçün artıq böyük addımlar ataraq ölkədə ilk Superkompüter Mərkəzini yaratmışıq. Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan bu Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilib və adi kompüterdən dəfələrlə güclü, eyni zamanda böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı kompüterlər yerləşdirilib. Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellektin inkişafı və LLM modellərinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılığı aradan qalxır və ölkə daxilində inkişaf etdirilməsi mümkün olur. Bu isə Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını gücləndirir.

— İstifadəçi adətən bir elektron sistemi sadə meyarlarla qiymətləndirir: cavablar sürətlidirmi, konteksti anlayırmı, ona iş prosesində etibar etmək olarmı? Əgər məhsul bu göstəricilər üzrə daha az yetkin görünürsə, istifadəçi etimadı sürətlə azalır. İstifadəçilər həmin modellərə ciddi maraq göstərmirlər. Bu problemin öhdəsindən necə gəlmək olar?

— Bu, rəqəmsal sahədə milli layihələr icra edən hər bir komandanın qarşılaşdığı ən böyük sınaqlardandır. İstifadəçi günün sonunda aldığı xidmətin keyfiyyətinə diqqət edir. Əgər milli model qlobal rəqiblərindən daha yavaş cavab verirsə və konteksti itirirsə, istifadəçi mənsubiyyətindən asılı olmayaraq dərhal xarici platformalara üz tutacaq. Sadəcə «modeli yaratmaq və istifadəyə vermək» kifayət deyil. Modelin özü vacibdir, amma istifadəçi etimadını formalaşdıran əsas məqam onun real iş proseslərinə necə inteqrasiya olunmasıdır. Yerli model ilkin mərhələdə bir neçə əsas sahələrdə gücləndirilməlidir. İstifadəçi həmin istiqamətlərdə daha dəqiq, uyğun və etibarlı cavablar aldıqca modelə inam formalaşır. Cavabların sürəti, konteksti anlama səviyyəsi və istifadəçi məmnuniyyəti davamlı şəkildə ölçülməlidir. Milli model “hazır məhsul” kimi yox, daim öyrənən və təkmilləşən platforma kimi inkişaf etdirilməlidir. Eyni zamanda istifadəçiyə məhsulun məhdudiyyətləri açıq göstərilməlidir. Etibarlı sistem özünü “hər şeyi bilən” texnologiya kimi təqdim etməməlidir. Əksinə, cavabın mənbəyini göstərməli, əmin olmadığı hallarda bunu bildirməli və kritik qərarlarda insan nəzarətini saxlamalıdır.

— Elektron xidmətlərdə süni intellektin tətbiqinin uğurunu necə qiymətləndirirsiniz?

— Biz artıq vətəndaşların növbələrdə durduğu və ya günlərlə cavab gözlədiyi dövrdən, xidmətlərin proaktiv və anlıq göstərildiyi bir ekosistemə keçid edirik. Süni intellekt bu keçiddə sadəcə bir alət yox, əsas hərəkətverici qüvvədir. Burada vətəndaş məmnuniyyəti və xidmətlərin əlçatanlığı əsas meyardır. Süni intellekt sayəsində dövlət xidmətləri 24/7 rejimində işləyən rəqəmsal köməkçilərə çevrilir. Məsələn, ərsəyə gətirdiyimiz SİMA yeni nəsil rəqəmsal imza platforması bunun ən bariz nümunəsidir. Biometrik identifikasiya və süni intellektə əsaslanan üztanıma texnologiyaları vasitəsilə vətəndaşlar heç yerə getmədən, sadəcə smartfonla şəxsiyyətlərini təsdiqləyib dövlət və özəl xidmətlərdən anında yararlanırlar. Bu, dövlət xidmətlərində şəffaflığı maksimuma çatdırır.

Əməliyyat səmərəliliyi və resurslara qənaət imkanı da vacib amillərdəndir. Dövlət qurumlarına daxil olan minlərlə rutin müraciət, sorğu və sənəd dövriyyəsi süni intellekt əsaslı sistemlər tərəfindən saniyələr daxilində analiz edilir və yönləndirilə bilər. Qurumlar da yavaş-yavaş buna keçid edirlər. Bu, dövlət aparatında həm vaxt itkisinin qarşısını alır, həm də insan faktorunu daha yaradıcı və strateji qərarların qəbuluna yönəltməyə imkan verir. Yekun olaraq deyə bilərəm ki, dövlət xidmətlərində süni intellekt sadəcə dəb deyil, vətəndaş yönümlü, çevik və rəqəmsal gələcəyin əsas tələbidir və biz bu istiqamətdə strateji xətt üzrə irəliləyirik.

“SİMA İmza” vətəndaşlar üçün çox rahat həlldir. Bəs müəssisələrdə, xüsusilə də bir çox proseslərin mühasiblər tərəfindən həyata keçirildiyi təşkilatlarda bu xidmət necə qəbul olunur?

— Artıq «SİMA İmza» iş yükünün böyük hissəsi sənəd dövriyyəsi ilə bağlı olan müəssisələr və mühasiblər tərəfindən də biznes proseslərini sürətləndirən önəmli alət kimi qəbul olunur. Platformanın daxili mühasibatlıq və bir sıra sistemlərə asanlıqla inteqrasiya olunması sənədlərin toplu şəkildə idarə edilməsini təmin edir, fiziki daşıyıcı anlayışının olmaması isə kartların sınması və ya itməsi kimi texniki riskləri və maddi xərcləri azaldır. Ən əsası, imzalama prosesinin biometriya əsasında reallaşması fiziki imzanın başqasına verilməsi kimi təhlükəsizlik boşluqlarını aradan qaldırır, mühasiblər üçün maksimum hüquqi və texnoloji etibarlılıq yaradır.

Bununla belə, elektron imza məlumatlarının və ya imzalama vasitələrinin başqasına ötürülməsi ciddi hüquqi və maliyyə təhlükələri yaradır. Elektron imza qanunvericiliyə əsasən şəxsin əl imzasına bərabər tutulduğu üçün başqasının sizin adınızdan etdiyi hər bir əməliyyat birbaşa sizin hüquqi məsuliyyətinizə hesab olunur. Şəxsi imzanı və ya ona giriş imkanlarını üçüncü şəxslərə, hətta tam etibar edilən əməkdaşlara belə həvalə etdikdə yetkisiz maliyyə köçürmələri, saxta müqavilələrin bağlanması və ya yanlış vergi bəyannamələrinin təsdiqlənməsi kimi risklər ortaya çıxır. Hər hansı bir uyğunsuzluq və ya qanunsuzluq baş verdikdə məsuliyyətdən yayınmaq mümkün olmur, çünki sistem əməliyyatın məhz imza sahibinin razılığı ilə edildiyini qeydə alır. Bu səbəbdən korporativ mühitdə ənənəvi elektron imza daşıyıcılarını və ya şifrələri başqasına verən zaman diqqətli olmaq lazımdır.

Əlavə olaraq, SİMA İmza-dakı rol ötürmə, yəni səlahiyyət ötürmə funksionallığı əməliyyatları rahatlaşdırır. Burada rəhbər şəxs tam elektron qaydada istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Rəhbər bu səlahiyyəti istədiyi müddət aralığında əməkdaşına ötürə və ehtiyac olduqda isə ləğv edə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir.

— Şirkətiniz regional konfrans və sərgilərdə aktiv iştirak edir. Bəs AzInTelecom-un həll və xidmətlərinə beynəlxalq maraq nə dərəcədədir?

— Əminliklə deyə bilərəm ki, şirkətimizin xidmətlərinə, xüsusilə də SİMA yeni nəsil rəqəmsal imzaya və bulud həllərimizə xarici tərəfdaşlar tərəfindən böyük maraq var. Bu maraq sadəcə rəsmi görüşlərlə məhdudlaşmır, artıq real və uğurlu əməkdaşlıq nümunələrinə çevrilir. Çünki bulud texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal imza və identifikasiya, həmçinin etibarlı data mərkəzi xidmətləri region ölkələri üçün aktualdır.

Bildiyiniz kimi, SİMA rəqəmsal həllər platformasında “SİMA İmza” ilə yanaşı bir sıra məhsul yer alır. Hazırda “SİMA Pay” həllinin inkişafını, həmçinin “SİMA Access” platformasının funksionallığını genişləndirməyi hədəfləyirik. Biz artıq “SİMA Pay” məhsulunu Azərbaycan Dəmir Yollarında tətbiq edirik. Vətəndaşlar üztanıma ilə ödəniş edərək səyahətlərini reallaşdıra bilirlər. Eyni zamanda rəqəmsal imza və biometrik identifikasiya təcrübəmizi xaricə ixrac etmək məqsədilə bəzi xarici tərəfdaşlarla pilot layihələrə başlamışıq. Hazırda aktiv olaraq Bakı və Yevlax Data Mərkəzlərimiz fəaliyyətdədir. Abşeron və Hacıqabul ərazisində isə yeni Mərkəzlərin tikintisi davam etdirilir.

Superkompüter Mərkəzinin imkanlarından da bir sıra yerli qurumlar aktiv olaraq istifadə edir. Bu addım ölkəmizin regionda aparıcı rəqəmsal haba çevrilməsi strategiyasının əsas işlərdən biridir. Eyni zamanda, sistemlərimizin fasiləsiz işləməsini təmin edən və kritik məlumatların qorunmasını şərtləndirən kibertəhlükəsizlik bizim üçün hər zaman dəyişməz prioritetdir. Təqdim etdiyimiz bütün rəqəmsal xidmət və həllərin istifadəçilər üçün daha rahat, sadə və anlaşıqlı olması istiqamətində davamlı təkmilləşdirmələr aparırıq. Məqsədimiz həm vətəndaşlar, həm də biznes tərəfdaşlarımız üçün maksimum təhlükəsiz və komfortlu rəqəmsal mühit formalaşdırmaqdır.

“AzInTelecom” hazırda ölkəmizdə rəqəmsal transformasiyanı sürətləndirmək üçün dünyanın aparıcı texnologiya şirkətləri ilə strateji tərəfdaşlıqlar qurulması məqsədilə danışıqlar aparır. Məsələn, biz Avropanın qabaqcıl bulud provayderi olan Gcore ilə birgə tərəfdaşlığımız sayəsində Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD”u ərsəyə gətirmişik.

Şirkətimizin üstünlüyü ondadır ki, biz beynəlxalq standartlara uyğun infrastrukturu yerli bazarın ehtiyacları ilə birləşdiririk. Bu da həm Azərbaycanda, həm də regionda əməkdaşlıq imkanlarını genişləndirir və xidmətlərimizə olan marağı daha da artırır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,733ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -