Apple yeni iPhone modellərinin istehsalı ərəfəsində ciddi komponent problemi ilə üzləşib. Mənbələrin məlumatına görə, şirkətin anbarlarında təxminən 1 milyard dollar dəyərində prosessor hazır vəziyyətdə olsa da, onların istehsalın son mərhələsinə keçməsi DRAM yaddaş çiplərinin çatışmazlığı səbəbindən mümkün olmur.
Culpium resursunun yaydığı məlumata əsasən, Apple və onun tərəfdaşları payızda təqdim ediləcək yeni iPhone seriyası üçün kifayət qədər yaddaş çipi əldə etməkdə çətinlik çəkirlər. Daha əvvəl şirkətin bazarda mövcud olan DRAM çiplərini demək olar ki, istənilən qiymətə aldığı bildirilirdi. Lakin qlobal qıtlıq səbəbindən hətta Apple da bazarın təklif etdiyindən artıq komponent əldə edə bilmir.
Hazırda Apple əsasən Micron şirkətindən DRAM çipləri alır. Eyni zamanda Samsung və SK Hynix də şirkətin təchizatçıları sırasındadır. Çin istehsalçısı CXMT ilə mümkün əməkdaşlıq barədə məlumatlar yayılsa da, tərəflər arasında müqavilənin bağlanıb-bağlanmadığı hələ dəqiqləşməyib.
Mənbənin sözlərinə görə, Apple-ın anbarlarında təxminən 1 milyard dollar dəyərində prosessor lövhələri qablaşdırma mərhələsini gözləyir. Məhz bu proses üçün yaddaş çipləri tələb olunur və onların çatışmazlığı istehsal zəncirini ləngidir.
Yeni iPhone modellərinin təqdimatına təxminən bir ay yarım vaxt qaldığını nəzərə alsaq, satışların ilk mərhələsində cihaz qıtlığının yaranması istisna edilmir. Bununla belə, son aylarda gündəmdə olan qiymət artımı ilə bağlı şayiələr tələbatı müəyyən qədər azalda bilər.
Buna baxmayaraq, Apple və onun istehsal tərəfdaşları ilk satış dalğasında bazarın tələbatını qarşılaya biləcəklərinə inanırlar. Lakin söhbət yalnız başlanğıc mərhələdəki tələbatdan gedir və sonrakı aylarda vəziyyətin necə olacağı hələlik məlum deyil.








