Twitter-in yaradıcısı Cek Dorsi yeni layihəsini təqdim edib. Buzz adlı platforma komandaların birgə işləməsi üçün nəzərdə tutulub və adi əməkdaşlarla yanaşı, süni intellekt agentlərini də eyni iş mühitində birləşdirir.
Buzz Slack-ə alternativ kimi təqdim olunur. Platformanın əsas xüsusiyyəti qrup çatlarına birbaşa İİ agentləri əlavə etmək imkanıdır. Dorsinin sözlərinə görə, Buzz modeldən asılı olmayan, mərkəzsiz, açıq mənbəli və özünü idarə edən layihədir.
Platforma adi yazışmaları, İİ agentləri ilə işləməyi və GitHub layihələrinin idarə edilməsini vahid interfeysdə birləşdirir. Bu, proqramlaşdırma, məlumatların analizi və digər iş proseslərində süni intellektdən istifadə edən komandaların müxtəlif servislər arasında keçid etmədən işləməsinə imkan verir.
Buzz Nostr protokolu əsasında qurulub. Bu sayədə iş mühitlərini öz serverlərində yerləşdirmək, yazışma tarixçəsini isə kriptoqrafik imzalanmış hadisələr şəklində saxlamaq mümkündür. Platforma Claude Code, Codex və goose kimi müxtəlif İİ modelləri və agentləri ilə uyğun işləyir.
Buzz GitHub üzərində açıq mənbə kodu ilə yayımlanır. Buna görə də tərtibatçılar platformanı öz ehtiyaclarına uyğunlaşdıra və yeni funksiyalar əlavə edə bilərlər. Tətbiq artıq macOS, Windows və Linux sistemləri üçün pulsuz istifadəyə verilib.
Qeyd edək ki, Cek Dorsi son bir ildə Bitchat adlı mesenceri və D vitamini səviyyəsini izləmək üçün tətbiqi də təqdim etmişdi.









