Samsung robototexnika sahəsində fəaliyyətini genişləndirərək Robotics eXperience (RX) adlı yeni bölmənin yaradıldığını rəsmən elan edib. Yeni strukturun rəhbərliyini şəxsən şirkətin baş direktoru Tae Moon Roh üzərinə götürüb. Bölmə Samsung-un robototexnika sahəsindəki bütün layihələrini birləşdirəcək və əsas diqqəti sənaye və insanabənzər robotların hazırlanmasına yönəldəcək.
Robototexnika strategiyasına rəhbərlik isə əvvəllər Hyundai-də çalışarkən Boston Dynamics layihələrinə cavabdeh olmuş Li Don Qona həvalə edilib. RX-in baş qərargahı Seuldakı Samsung tədqiqat mərkəzində yerləşəcək, əlavə ofislər isə ABŞ, Çin və Yaponiyada fəaliyyət göstərəcək. Şirkət həmçinin perspektivli startaplara investisiyaları davam etdirməyi və bu istiqamətdə yeni satınalmalar həyata keçirməyi planlaşdırır.
Samsung-un əsas məqsədi yaxın illərdə istehsal müəssisələrini süni intellekt və robot sistemləri ilə tam avtomatlaşdırılmış fabriklərə çevirməkdir. Şirkət 2030-cu ilə qədər bütün zavodlarını AI Autonomous Factory konsepsiyasına keçirməyi hədəfləyir.
Planlara istehsal və logistika üçün sənaye robotlarının hazırlanması ilə yanaşı, daha mürəkkəb insanabənzər robot sistemlərinin yaradılması da daxildir. Layihədə robot manipulyatorları üzrə mütəxəssislər çalışacaq. Komandaya artıq robot qolları sahəsində ixtisaslaşmış Ajou Universitetinin professoru Kim Ui Gyom da qoşulub.
Samsung insanabənzər robotları gələcəyin əsas istiqamətlərindən biri hesab etsə də, hələlik kommersiya modelinin təqdimatı planlaşdırılmır. Bununla belə, şirkət artıq Cənubi Koreyanın ilk ikiayaqlı robotunu hazırlayan mühəndislər tərəfindən yaradılmış Rainbow Robotics şirkətinin ən böyük səhmdarıdır.








