Nothing orta büdcəli yeni smartfonu Phone (4b) modelini təqdim edib. Qurğu şirkətin özünəməxsus şəffaf dizaynını qoruyub saxlayıb və ucuz qiymətinə baxmayaraq, flaqman modellərə xas bir sıra xüsusiyyətlərlə təchiz olunub.
Smartfon 2344 × 1080 piksel təsvir ölçüsünə malik 6,77 düymlük AMOLED ekranla təchiz edilib. Ekran 120 Hz yenilənmə tezliyi, 1 000 000:1 kontrast nisbəti və 2000 nit pik parlaqlıq səviyyəsi təklif edir ki, bu da həm gündəlik istifadə, həm də multimedia üçün yüksək görüntü keyfiyyəti vəd edir.
Phone (4b)-nin əsasını Snapdragon 6 Gen 4 prosessoru təşkil edir. Smartfon 8 GB RAM və 128 GB və ya 256 GB daxili yaddaş seçimləri ilə satışa çıxacaq.
Foto imkanlarına gəldikdə isə, arxa paneldə 50 MP əsas kamera (OIS və EIS dəstəyi ilə) və 8 MP ultra geniş bucaqlı kamera yerləşir. Ön tərəfdə isə 16 MP selfi kamerası var. Smartfon 4K/30 FPS formatında video çəkilişini, Ultra XDR rejimini və daxili foto filtrlərini dəstəkləyir.
Yeni modeldə Glyph Bar işıq paneli də qorunub saxlanılıb. O, Phone (4a) modelində olduğu kimi səs səviyyəsini vizual şəkildə göstərir, tətbiqlərdə irəliləyiş indikatoru kimi işləyir və video yazarkən status göstəricisi rolunu oynayır. Sol yan hissədə yerləşdirilən Essential Key düyməsi isə süni intellekt funksiyalarına sürətli giriş imkanı yaradır.
Smartfon 6000 mAh tutumlu batareya ilə təchiz edilib və 33 Vt sürətli şarj doldurmanı dəstəkləyir. Bundan başqa, cihaz IP64 standartı üzrə su və tozdan qorunur, ekrana inteqrasiya olunmuş barmaq izi skaneri, stereo dinamiklər, NFC, Bluetooth 6.0 və Wi-Fi 6 modulları ilə təchiz edilib.
Nothing Phone (4b) Android 16 və Nothing OS 4.1 interfeysi ilə satışa çıxarılır. Şirkət cihaz üçün 3 il Android versiya yeniləməsi və 6 il təhlükəsizlik yeniləmələri təqdim edəcəyini vəd edir.
Nothing Phone (4b) mavi, qara və ağ rənglərdə satışa çıxacaq. Hindistan bazarı üçün isə eksklüziv qırmızı rəng variantı da təqdim ediləcək. Avropada 8 GB RAM və 128 GB daxili yaddaşa malik baza versiyasının qiyməti 329 avro təşkil edir.









