OpenAI yaxın gələcəkdə ChatGPT xidmətinin qiymətlərini əhəmiyyətli dərəcədə azaltmağı nəzərdən keçirir. Bu barədə Reuters agentliyi The Wall Street Journal-a istinadən məlumat yayıb. Məlumata görə, şirkət süni intellekt bazarında rəqabəti gücləndirmək və yeni istifadəçilər cəlb etmək üçün daha aqressiv qiymət siyasətinə keçə bilər.
Mənbələrin bildirdiyinə görə, OpenAI bu addımla ilk növbədə əsas rəqiblərindən biri olan Anthropic şirkətinin müştərilərini öz tərəfinə çəkməyi hədəfləyir.
Hazırda müzakirə olunan variantlardan biri AI xidmətlərinin qiymətləndirilməsində əsas ölçü vahidi hesab edilən tokenlərin dəyərinin aşağı salınmasıdır. Bununla belə, şirkət daxilində müzakirələrin hələ yekunlaşmadığı və son qərarın verilmədiyi bildirilir.
ChatGPT bu gün dünyanın ən populyar generativ süni intellekt platformalarından biri hesab olunur. İstifadəçilər ondan mətnlərin hazırlanması, proqramlaşdırma, məlumatların təhlili, ideyaların yaradılması və müxtəlif gündəlik tapşırıqlar üçün istifadə edirlər.
OpenAI ilə bağlı digər mühüm xəbər isə şirkətin ABŞ-da ilkin kütləvi səhm təklifinə (IPO) hazırlaşmasıdır. Məlumatlara görə, OpenAI artıq IPO üçün məxfi müraciət təqdim edib. Təklifin dəqiq tarixi və şərtləri açıqlanmasa da, mənbələr şirkətin öz dəyərini təxminən 1 trilyon dollar səviyyəsində qiymətləndirdiyini bildirirlər.







