X platforması ödənişsiz hesablar üçün yeni məhdudiyyətlər tətbiq edib. Artıq təsdiqlənməmiş istifadəçilər gün ərzində maksimum 50 orijinal paylaşım və 200 cavab yaza biləcəklər.
Əvvəllər pulsuz istifadəçilərə gündə 2400-ə qədər paylaşım etməyə icazə verilirdi. Yeni qaydalarla bu limit ciddi şəkildə azaldılıb. Üstəlik, paylaşımlar gün ərzində müəyyən zaman intervalları üzrə bölüşdürülür. Yəni 50 postu bir anda paylaşmaq mümkün olmayacaq.
Şirkət bildirir ki, bu məhdudiyyətlər platformanın sabit işləməsini təmin etmək və serverlərə düşən yükü azaltmaq məqsədi daşıyır.
Digər limitlər əsasən dəyişməz qalıb:
- gündə 500-ə qədər şəxsi mesaj göndərmək mümkündür;
- gündə maksimum 400 yeni hesab izləməyə icazə verilir;
- ümumi izlənilən hesab sayı 5000-lə məhdudlaşdırılır.
Bundan əlavə, üçüncü tərəf tətbiqləri vasitəsilə göndərilən sorğular da API limitlərinə daxil edilir. Yəni X hesabını bir neçə servisə qoşan istifadəçilər bu limiti daha tez doldura bilərlər.
Platforma qeyd edir ki, trafik həddindən artıq artdığı hallarda standart limitlər müvəqqəti olaraq daha da azaldıla bilər. İstifadəçi hər hansı limiti aşdıqda sistem müvafiq xəta bildirişi göstərəcək. Məhdudiyyət daimi deyil — müəyyən müddət keçdikdən sonra həmin funksiyadan yenidən istifadə etmək mümkün olacaq.







