Google-ın son təqdimatında ən diqqətçəkən yeniliklərdən biri Gemini Intelligence adlı yeni süni intellekt sistemi oldu. Bu platforma Android cihazlarında mürəkkəb tapşırıqları yerinə yetirə, müxtəlif tətbiqlərlə işləyə və şəxsi köməkçi kimi fəaliyyət göstərə biləcək. Lakin məlum olub ki, bu funksiyalar bütün istifadəçilər üçün əlçatan olmayacaq.
Google Gemini Intelligence-ı Android-in gələcəyi kimi təqdim etsə də, sistemin işləməsi üçün kifayət qədər yüksək texniki tələblər müəyyən edilib.
Gemini Intelligence-dan tam istifadə etmək üçün smartfon aşağıdakı şərtlərə cavab verməlidir:
- flaqman səviyyəli sertifikatlaşdırılmış prosessor;
- ən azı 12 GB operativ yaddaş;
- Nano v3 və ya daha yeni modelin lokal işlədilməsi dəstəyi;
- HDR və məkan səsi dəstəyi;
- Android 17 və ya daha yeni versiya;
- minimum 5 əsas Android yeniləməsi və ən azı 6 il ərzində rüblük təhlükəsizlik yeniləmələri.
Bu tələblərə əsasən, Gemini Intelligence yalnız ən yeni premium smartfonlarda işləyəcək. Google daha əvvəl bildirmişdi ki, yeni sistem bu yay Google Pixel seriyası və son nəsil Samsung Galaxy flaqmanlarında istifadəyə veriləcək.








