Çinin Unitree Robotics şirkəti elmi fantastika filmlərini xatırladan yeni robotunu təqdim edib. GD01 adlanan bu nəhəng mexanik qurğu şirkət tərəfindən dünyanın ilk seriyalı pilotlu humanoid robot kimi təqdim olunur. Ən maraqlısı isə odur ki, söhbət konseptdən yox, artıq istehsala və satışa hazır məhsuldan gedir.
Təxminən 4 metr hündürlüyə malik olan Unitree GD01 həm iki ayaq, həm də dörd ayaq üzərində hərəkət edə bilir. Robotun daxilində bir nəfərlik idarəetmə kabinəsi yerləşir. Pilotla birlikdə ümumi çəkisi təxminən 500 kiloqram olan bu nəhəng maşın müxtəlif relyeflərdə rahat hərəkət etmək üçün hərəkət rejimini real vaxtda dəyişə bilir.
Normal vəziyyətdə GD01 insan kimi iki ayaq üzərində yeriyir və qollarından sərbəst istifadə edir. Çətin ərazilərdə isə robot əyilərək dördayaqlı rejimə keçir və daha sabit hərəkət edir. Təqdimat zamanı şirkətin rəhbəri Wang Xingxing robotu şəxsən idarə edib və nümayiş zamanı kərpic divarı dağıdaraq cihazın gücünü göstərib.
Unitree GD01 artıq kütləvi istehsala hazırdır. Robotun qiyməti 3,9 milyon yuan, yəni təxminən 537 min ABŞ dolları təşkil edir. Hazırda model yalnız Çin bazarı üçün nəzərdə tutulub.









