Bloomberg-in tanınmış jurnalisti Mark Qurman Apple-ın yeni büdcə cihazlarının təqdimat tarixləri və texniki xüsusiyyətləri ilə bağlı əlavə məlumatlar paylaşıb. Onun dəqiqləşdirilmiş məlumatına görə, ikinci nəsil MacBook Neo, iPhone 18 və iPhone 18e modellərinin təqdimatı 2027-ci ilin fevral və ya mart aylarında baş tuta bilər. Jurnalist daha əvvəl bu cihazların ilin ilk yarısında təqdim olunacağını bildirmişdi.
Yenilənmiş MacBook Neo daha güclü A19 Pro prosessoru və 12 GB operativ yaddaş əldə edəcək. Noutbuk yeni korpus rənglərində də satışa çıxarılacaq. Digər mənbələrin məlumatına görə, Apple ikinci nəsil modelin istehsal həcmini hazırkı versiya ilə müqayisədə iki dəfə artırmağı planlaşdırır.
Mark Qurman bildirib ki, Apple MacBook Neo-nun rəng çeşidini mütəmadi olaraq yeniləməyi düşünür. Onun fikrincə, bu yanaşma artıq modelin ilk böyük yenilənməsindən etibarən tətbiq oluna bilər.
Təqdimatın dəqiq tarixi hələ məlum deyil. Lakin yeni büdcə cihazlarının macOS 27.4 və iOS 27.4 əməliyyat sistemləri ilə birlikdə təqdim olunacağı gözlənilir. Eyni dövrdə A19 prosessoruna əsaslanan standart iPad və yenilənmiş MacBook Air modelinin də satışa çıxması ehtimal edilir. Apple 2027-ci ilin ilk yarısında ikinci nəsil iPhone Air, həmçinin OLED ekranlı yeni iPad Air və iPad Pro modellərini də təqdim etməyə hazırlaşır. Bununla belə, Qurmanın sözlərinə görə, bu daha yüksək səviyyəli cihazların təqdimatı yaz aylarında gözlənilən büdcə modellərindən sonraya qala bilər.











