Google şirkəti Google TV üçün böyük yeniləmə təqdim edib. Yeniliklər platformanı daha şəxsi, interaktiv və “ağıllı” edir — əsas güc isə Gemini süni intellektinə verilib.
Yeni funksiyalar sayəsində istifadəçilər səsli və mətnli əmrlərlə şəkil və video yarada biləcəklər. “Nano Banana” adlı generativ AI aləti vasitəsilə mövcud fotoları redaktə etmək, həmçinin statik şəkilləri qısa video kliplərə çevirmək mümkündür.
Google Photos ilə inteqrasiya da gücləndirilib. Artıq səsli axtarışla albom daxilində istənilən foto tapıla, slaydşou başladılıb və şəkillər tam ekranda izlənilə bilər.
Bundan əlavə, istifadəçilər fotoları müxtəlif bədii üslublarla dəyişə, kolaj və vizual effektlərlə dinamik slaydşoular yarada və Google Photos məzmununu TV ekran qoruyucusu kimi istifadə edə biləcəklər.
Ən maraqlı yeniliklərdən biri də YouTube Shorts videolarının Google TV ana ekranına inteqrasiyasıdır. Artıq istifadəçi maraqlarına uyğun qısa videolar birbaşa TV interfeysində göstəriləcək.
Yeniliklərin yayımı mərhələli şəkildə həyata keçiriləcək və ilk olaraq ABŞ-dakı cihazlarda aktivləşdiriləcək.










