Huawei Avropada istifadəçilər üçün yeni funksiyanı aktiv edib — artıq ağıllı saatlarla birbaşa ödəniş etmək mümkün olacaq. Bu yenilik Curve Pay vasitəsilə işləyir və istifadəçilərə kart çıxarmadan alış-veriş etməyə imkan yaradır.
Yeni funksiya Tap-to-Pay texnologiyasına əsaslanır. Yəni istifadəçi sadəcə saatını POS-terminala yaxınlaşdıraraq ödənişi tamamlaya bilər.
Dəstək bir neçə modelə şamil olunur: Huawei WATCH Ultimate 2; WATCH GT 6; WATCH GT 5; WATCH 5; WATCH FIT 4.
İstifadəçilər rəqəmsal pul kisəsində bir neçə kartı idarə edə və təmassız ödənişi dəstəkləyən terminallarda rahatlıqla əməliyyatlar apara biləcəklər.
Təhlükəsizlik məsələsi də diqqətdən kənarda qalmayıb. Saat əldən çıxarıldıqda avtomatik bloklanır və ödəniş üçün əlavə olaraq şifrə tələb olunur. Bu isə şəxsi məlumatların qorunmasını təmin edir.
Funksiyanı aktiv etmək üçün Curve Pay tətbiqini quraşdırmaq və saatla sinxronizasiya etmək kifayətdir.






