Honor şirkəti MWC 2026 sərgisində texnologiya həvəskarlarını təəccübləndirən konsept təqdim edib. Brend robotlaşdırılmış kamera sistemi ilə təchiz olunan Robot Phone smartfonunun prototipini nümayiş etdirib.
Robot Phone haqqında ilk məlumatlar ötən ilin noyabrında ortaya çıxsa da, məhz sərgidə cihazın imkanları daha ətraflı açıqlanıb. Şirkətin sözlərinə görə, bu model smartfon anlayışına yeni yanaşma gətirir — ekran və səs vasitəsilə idarəetmə ilə yanaşı, fiziki hərəkət edən kamera sayəsində istifadəçi ilə daha “canlı” qarşılıqlı əlaqə yaradır.
Adi rejimdə 200 MP kamera klassik modul kimi işləyir. Lakin xüsusi düymə aktivləşdirildikdə mexanizm korpusdan çıxaraq smartfonu mini stabilizatora çevirir. Kamera lazım olan istiqamətə özü yönəlir, çəkiliş bitdikdən sonra isə yenidən korpusun içinə gizlənir. Sistem kompakt 4 oxlu mexanizm və mikromühərrik vasitəsilə hərəkətə gətirilir.
Süni intellekt alqoritmləri üzləri və obyektləri izləyə, kadrı avtomatik quraraq çəkilişi optimallaşdıra bilir. Smartfon həmçinin hərəkətdə stabil video çəkilişi, obyekt izləmə və 90° və ya 180° avtomatik dönüş rejimləri təqdim edir ki, bu da mürəkkəb video keçidlərini əlavə avadanlıq olmadan yaratmağa imkan verir.
Beləliklə, Honor peşəkar çəkiliş üçün ayrıca stabilizator və aksesuar ehtiyacını aradan qaldırmağı hədəfləyir. Honor Robot Phone-un satışa çıxacağı tarix isə hələlik açıqlanmayıb.





