Samsung şirkəti Galaxy Unpacked 2026 tədbirində yeni flaqman smartfon xətti — Galaxy S26 seriyasını rəsmi şəkildə təqdim edib. Yeni nəsil üç modeldən ibarətdir: Galaxy S26, S26+ və S26 Ultra. Dizayn ciddi dəyişməsə də, kameralar artıq ayrı modullar kimi deyil, vahid blok şəklində yerləşdirilib. Şirkət əsas diqqəti isə süni intellekt imkanlarının genişləndirilməsinə yönəldib.
Galaxy S26 — kompakt flaqman
Baza model 6,3 düymlük FHD+ təsvir ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub və adaptiv 1–120 Hz yenilənmə tezliyini dəstəkləyir. Smartfon 2 nm texnologiyası ilə hazırlanmış 10 nüvəli Exynos 2600 prosessoru üzərində işləyir.
Operativ yaddaş — 12 GB, daxili yaddaş isə 128, 256 və ya 512 GB variantlarında təqdim olunur. Kamera sistemi:
-
50 MP əsas sensor (OIS, 2x zoom),
-
12 MP ultra-geniş bucaqlı modul,
-
10 MP teleobyektiv (3x optik zoom).
4300 mAh batareya 25 W sürətli, naqilsiz şarj və PowerShare funksiyasını dəstəkləyir.
Galaxy S26+ — daha böyük ekran və batareya
S26+ modeli 6,7 düymlük QHD+ ekran əldə edib. Prosessor və kameralar baza model ilə eynidir, lakin batareya 4900 mAh-a qədər artırılıb və 45 W sürətli şarj yığımı dəstəklənir.
Galaxy S26 Ultra — təhlükəsizlik və AI imkanlarının zirvəsi
Seriyanın ən güclü modeli 6,9 düymlük Dynamic AMOLED 2X ekranla gəlir və Samsung tarixində ilk dəfə Privacy Display texnologiyasını təqdim edir. “Antişpion” rejimi aktiv olduqda ekran yalnız sahibinə aydın görünür, yan bucaqdan baxanlar isə görüntünü seçə bilmir.
Ultra versiyada əlavə AI təhlükəsizlik alətləri də mövcuddur — şübhəli zənglərin analizi və tətbiqlərin şəxsi məlumatlara çıxışına nəzarət. ProScaler adlı AI funksiyası foto və videoların miqyaslandırılmasını daha detallı edir.
Smartfon xüsusi hazırlanmış Snapdragon 8 Elite Gen 5 for Galaxy platformasında işləyir. Şirkətin məlumatına görə, CPU performansı +19%, GPU +24%, NPU isə +39% artıb.
Kamera sistemi:
-
200 MP əsas sensor,
-
50 MP ultra-geniş modul,
-
50 MP teleobyektiv (5x zoom),
-
10 MP əlavə teleobyektiv (3x zoom).
5000 mAh batareya 60 W sürətli şarjı dəstəkləyir (30 dəqiqəyə 75%).
Ümumi imkanlar
Bütün modellər 5G, Wi-Fi 7, Bluetooth 5.4 (Ultra — 6.0), NFC, eSIM, stereo dinamiklər və ultrasəs barmaq izi skaneri ilə təchiz olunub. Korpus IP68 standartı üzrə sudan və tozdan qorunur.
Seriya Android 16 və One UI 8.5 interfeysi ilə işləyir və Gemini və Perplexity kimi AI-assistentləri dəstəkləyir. İstifadəçilər səsli əmrlərlə çoxmərhələli tapşırıqları işə sala biləcək — məsələn, məlumat axtarışı və taksi sifarişi eyni anda həyata keçirilə bilər. Samsung 7 il təhlükəsizlik yeniləməsi vəd edir.
Qiymətlər
-
Galaxy S26 — 899 dollar
-
Galaxy S26+ — 1099 dollar
-
Galaxy S26 Ultra — 1299 dollar
Ultra modelin qiyməti dəyişməsə də, digər iki versiya ötən illə müqayisədə 100 dollar bahalaşıb. Qutuda adapter və kabel təqdim olunmur.





