Google əlçatan smartfon seriyasının yeni modeli — Pixel 10a-nı rəsmi şəkildə təqdim edib. Şirkət bu dəfə əsas diqqəti dizayn dəyişikliklərindən çox proqram imkanlarına və süni intellekt funksiyalarına yönəldib. Gözlənildiyi kimi, əvvəlki nəsillə müqayisədə yeniliklər minimaldır.![]()
Xarici görünüş baxımından smartfon sələfindən demək olar fərqlənmir, lakin kamera bloku artıq çıxıntılı deyil — arxa panel tam düz formaya malikdir. Google Pixel 10a-nı seriyanın ən ekoloji cihazı adlandırır: korpus çərçivəsi 100% təkrar emal olunmuş alüminiumdan hazırlanıb, həmçinin konstruksiyada təkrar istifadə edilmiş kobalt, mis və digər materiallardan yararlanılıb.
Cihazın əsasında əvvəlki modeldə olduğu kimi Tensor G4 prosessoru çalışır və o, Titan M2 təhlükəsizlik çipi ilə tamamlanır. Smartfon 8 GB operativ yaddaşla təchiz olunub, daxili yaddaş isə 128 və ya 256 GB variantlarında təqdim edilir. Pixel 10a qutudan Android 16 ilə çıxır və 2033-cü ilə qədər — yeddi il ərzində sistem yeniləmələri alacaq.
Ekran demək olar dəyişməyib: 6,3 düymlük OLED panel 120 Hz yenilənmə tezliyi və 3000 nit pik parlaqlıq təqdim edir ki, bu da Pixel 9a ilə müqayisədə təxminən 10% yüksəkdir. Displey Gorilla Glass 7i qoruyucu şüşə ilə örtülüb, korpus isə IP68 standartı üzrə sudan qorunur.
Kamera sistemi də əvvəlki kimi qalıb — 48 MP əsas və 13 MP ultra geniş bucaqlı modul. Smartfonda Auto Best Take funksiyası şəkillər seriyasından ən yaxşı üz ifadələrini avtomatik seçir, Add Me isə fotoqrafı qrup şəklinə əlavə etməyə imkan verir. Avtonomluq üçün 5100 mAh batareya cavabdehdir; 30 Vt naqilli və 10 Vt naqilsiz şarj dəstəklənir.
Qiymət dəyişməyib — 128 GB versiya üçün başlanğıc qiyməti 499 dollardır. Smartfon artıq ABŞ-da sifariş üçün açıqdır, satışların isə martın 5-də başlaması planlaşdırılır.





