OpenAI ChatGPT-yə yeni xüsusi bölmə — “Sağlamlıq” (ChatGPT Health) əlavə edib. Bu bölmə istifadəçinin sağlamlıqla bağlı məlumatlarını süni intellektin analitik imkanları ilə birləşdirərək daha fərdi və məqsədyönlü tövsiyələr almağa imkan yaradır.
Şirkətin anonimləşdirilmiş statistik məlumatlarına görə, hər həftə dünyada 230 milyondan çox insan ChatGPT-yə sağlamlıqla bağlı suallar ünvanlayır. Məhz bu ehtiyacı nəzərə alaraq yaradılan “ChatGPT Sağlamlıq” bölməsində istifadəçilər elektron tibbi kartlarını və sağlamlıq tətbiqlərini təhlükəsiz şəkildə sistemə qoşa, eləcə də əlavə məlumatlar paylaşa bilirlər. Məsələn, son vaxtlar köçdüyünü, həyat tərzini dəyişdiyini və ya hansı mövzulara xüsusi diqqət yetirmək istədiyini qeyd etmək mümkündür.
Bu məlumatlar sayəsində neyroşəbəkə analiz nəticələrini daha düzgün şərh edir, həkim qəbuluna hazırlıqda kömək edir, həmçinin qidalanma və sığorta ilə bağlı tövsiyələr verir.
OpenAI bildirir ki, “ChatGPT Sağlamlıq” dünya üzrə 60 ölkədə fəaliyyət göstərən 260-dan çox həkimlə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Məqsəd — sağlamlıqla bağlı suallara verilən cavabların həqiqətən faydalı və eyni zamanda potensial risk daşımayan olmasını təmin etməkdir.
Bununla yanaşı, şirkət açıq şəkildə vurğulayır: “ChatGPT Sağlamlıq” tibbi diaqnoz qoymur və müalicəni əvəz etmir. Alət yalnız gündəlik sağlamlıq suallarını anlamağa kömək edir. Bütün söhbətlər və yüklənən fayllar isə standart olaraq şifrələnir.
Hazırda sistemə ABŞ istifadəçiləri üçün tibbi kartlar, eləcə də bir sıra məşhur tətbiqlər qoşula bilir. Bunlara Apple Health, Function (qan analizlərinin izahı və qidalanma tövsiyələri), MyFitnessPal, Weight Watchers, AllTrails, Instacart və Peloton daxildir.
Hazırda “ChatGPT Sağlamlıq” yalnız məhdud sayda istifadəçi üçün aktivdir. Yeni funksiyanı sınaqdan keçirmək istəyənlər gözləmə siyahısına yazıla bilərlər.





