Lenovo şirkəti CES 2026 sərgisində diqqətləri üzərinə çəkən qeyri-adi noutbukunu — ThinkBook Plus Gen 7 Auto Twist modelini təqdim edib. Yeniliyin əsas “ulduzu” motorlu menteşədir: ekran istifadəçinin qarşısındakı mövqeyinə uyğun olaraq avtomatik fırlanır və əyilir.
Yeni model 14 düymlük OLED ekranla təchiz olunub. Displey 2.8K təsvir ölçüsü və 120 Hz yenilənmə tezliyi təklif edir. Menteşə mexanizmi həm ekranın bucağını, həm də istiqamətini dəyişməyə imkan verir. Tənzimləmə avtomatik rejimdə (ehtimal ki, istifadəçinin hərəkətləri veb-kamera vasitəsilə izlənir), eləcə də səsli komandalar və proqram parametrləri ilə həyata keçirilə bilər.
ThinkBook Plus Gen 7 Auto Twist müxtəlif konfiqurasiyalarda təqdim olunacaq. Noutbuk Intel Core Ultra Series 300 prosessorları ilə işləyir, DDR5 standartlı 32 GB-a qədər RAM və PCIe 4.0 interfeysli 2 TB-a qədər SSD ilə təchiz edilib.
Portlar baxımından da cihaz kifayət qədər zəngindir: iki Thunderbolt 4, iki USB-A, HDMI 2.1, qulaqcıq girişi, Wi-Fi 7 və Bluetooth 5.4 modulları mövcuddur. Üstəlik, noutbuk Windows Hello dəstəyi olan 10 MP veb-kamera və dörd dinamikdən ibarət audio sistemlə təchiz edilib.
Lenovo ThinkBook Plus Gen 7 Auto Twist ABŞ bazarında 2026-cı ilin iyun ayında satışa çıxacaq. Başlanğıc qiymət isə 1649 dollar olacaq.
Bu model Lenovo-nun sadəcə noutbuk yox, istifadəçi ilə “ünsiyyət quran” ağıllı cihazlar yaratmaq istiqamətində atdığı növbəti cəsarətli addım kimi qiymətləndirilir.





