Samsung öz brendinə aid televizorlar və ağıllı displeylər üçün yeni proqram təminatı yeniləməsini elan edib. Yeniləmədən sonra uyğun modellərdə Gemini Nano Banana neyroşəbəkə funksiyaları ilə təchiz olunmuş “Google Photos” tətbiqi istifadəyə veriləcək.
Yenilənmədən sonra istifadəçilər “Google Photos”dakı şəkil və videolara smartfonlardakı kimi baxa biləcəklər: media faylları məkanlara, hadisələrə və insanlara görə avtomatik çeşidlənəcək. Bununla yanaşı, Samsung Vision AI Companion (VAC) texnologiyasını da inteqrasiya edir. Bu funksiya televizora istifadəçinin şəxsi foto arxivindən yararlanaraq Daily+ və Daily Board ekranları üçün tematik slaydlar və vizual seçmələr yaratmağa imkan verəcək.
Buludda saxlanılan şəkillər həmçinin ayrıca kolleksiyalar üzrə qruplaşdırılacaq. Məsələn: “Çimərlik”, “Uşaqlar”, “Səyahətlər”, “Ev heyvanları” və ya “Ziyarət etdiyiniz yerlər”. Uyğun modellərin dəqiq siyahısı hələ açıqlanmayıb, lakin məlumdur ki, yeni televizorlar 2026-cı ilin əvvəlində, bəzi köhnə modellər isə mart ayında yeniləmə alacaq.
Bundan əlavə, gələn il Samsung televizorlarına Nano Banana neyroşəbəkəsi vasitəsilə şəkil generasiyası, təsvirlərin stilinin dəyişdirilməsi və fotolardan video yaradılması kimi imkanlar da əlavə olunacaq.






