İnternetdə Honor 500 və Honor 500 Pro smartfonlarının dizaynını əks etdirən real fotolar yayılıb. Mənbənin iddiasına görə, bu görüntülər hələ rəsmi təqdimatı baş tutmamış modellərə aiddir. Kadrlar cihazların arxa panel görünüşünü və Honor 500-ün müxtəlif rəng variantlarını nümayiş etdirir.
Qeyri-rəsmi fotolarda Honor 500 modeli ağ və çəhrayı rənglərdə göstərilib, Pro versiya isə yalnız çəhrayı korpusda görsənir. Bununla belə, şirkətin təqdimat zamanı başqa rəng variantlarını da əlavə edəcəyi ehtimal olunur.
Görüntülərə əsasən, Honor 500 modeli yumru kənarlı metal çərçivəyə malikdir və arxasında iki obyektivli, oval formalı kamera bloku, iki LED işıq və təyinatı hələ məlum olmayan əlavə sensor yerləşir.
Honor 500 Pro əsas modelin dizayn üslubunu qoruyur, lakin onun çərçivəsi düz formadadır və kamera modulunun sayı üçə çatdırılıb. Şayiələrə görə, cihaz Snapdragon 8 Elite Gen 5 prosessoru və üz tanıma ilə (Face İD) ekran açma funksiyası ilə təchiz olunacaq.
Yeni smartfonların texniki xüsusiyyətləri hələ açıqlanmayıb, lakin onların təqdimatının noyabrın sonunda və ya dekabrın əvvəlində keçirilməsi gözlənilir.





