Google son illərin ən böyük YouTube videopleyeri dizayn yeniləməsini təqdim edib. Şirkətin sözlərinə görə, interfeys indi daha sadə, təmiz və intuitiv olub.
Yeniləmənin məqsədi — videoya baxışı pozan diqqət yayındırıcı elementləri azaltmaqdır. Televizor versiyasında video haqqında məlumat sol yuxarı küncə yerləşdirilib, idarəetmə elementləri isə tamamilə aşağı panelə köçürülüb:
-
Kanal nişanı, təsvir və “Abunə ol” düyməsi solda,
-
“Bəyəndim”, “Bəyənmədim”, “Şərhlər”, “Yadda saxla”, “Subtitrlər” və “Tənzimləmələr” ikonları sağda,
-
Mərkəzdə isə dairəvi “Oynat/Pauza” düyməsi yer alacaq.
Mobil versiyada dəyişikliklər bir qədər sadədir. Əsas fərq — idarəetmə düymələrinin (xüsusilə üfüqi rejimdə) sol tərəfdə yerləşdirilməsidir. Bundan əlavə, YouTube Music tətbiqində də məşhur funksiyalar üçün yenilənmiş ikonlar dəsti təqdim olunub.
Yeni vizual effektlər:
“Bəyəndim” düyməsinə basdıqda indi videonun məzmununa uyğun animasiya göstəriləcək.
Məsələn, musiqi klipində not simvolu, idman məzmununda isə oyundan götürülmüş qrafik elementlər görünəcək.
Digər yeniliklər:
-
İki dəfə toxunmaqla geri və ya irəli çevirmənin vizual effekti indi daha sadə və az nəzərə çarpandır.
-
Videoları “Sonra bax” və ya pleylistə əlavə etmə prosesi indi daha axıcı və aydın şəkildə göstərilir.
-
Şərhlər bölməsi indi strukturlaşdırılmış cavab sisteminə malikdir.
-
Mobil cihazlarda bölmələr arasında keçid animasiyaları da daha yumşaq və təbii olub.
Yenilənmiş YouTube interfeysinin qlobal yayımı bu həftə ərzində başlayacaq.