xAI şirkətinin rəhbəri İlon Mask süni intellekt texnologiyalarından istifadə edən yeni onlayn ensiklopediya — Grokipedia-nın işə salındığını elan edib. İstənilən istifadəçi artıq bu platformanı sınaqdan keçirə bilər.
Maskın sözlərinə görə, yeni layihə “Wikipediya-ya nisbətən əhəmiyyətli irəliləyiş” olacaq. O, dəfələrlə Wikipediya-nı mənbələrə məhdudiyyət qoyması və məzmun moderasiyasındakı qeyri-şəffaf qaydalarına görə tənqid edib.
“Düzünü desəm, bu, xAI-nin əsas məqsədi — Kainatı dərk etməyə doğru atılmış vacib addımdır” — deyə İlon Mask bildirib.
Hazırda Grokipedia test mərhələsindədir (versiya 0.1). Platformada artıq 885 279 məqalə mövcuddur. Müqayisə üçün, yalnız ingilisdilli Wikipediya-da məqalələrin sayı 7 milyondan çoxdur.
Saytın interfeysi minimalist dizayna malikdir: əsas səhifədə yalnız axtarış sətri yerləşir. Sorğu daxil edilərkən süni intellekt uyğun ifadə variantlarını təklif edir. Məqalələr hələlik şəkillərlə müşayiət olunmur, lakin oxunuş rahatlığı üçün mövzulara və altmövzulara bölünüb, başlıqlar isə ekranın sol panelində göstərilir.
İstifadəçilər hələ redaktə funksiyasından yararlana bilmirlər, lakin dəyişiklik tarixçəsini izləmək mümkündür (müəllif adları göstərilmir). Xəbər yayıldığı anda sayt stabil işləmirdi, bəzi məqalələr isə, görünür, birbaşa Wikipediya-dan köçürülmüşdü.





