Google Chrome 142 versiyası artıq Windows, Linux və macOS sistemləri üçün istifadəyə verilib. Yeni buraxılışda tərtibatçılar əvvəl aşkarlanmış səhvləri aradan qaldırıb, bir sıra təhlükəsizlik boşluqlarını bağlayıblar və «veb-sörfinq» zamanı istifadəçi təhlükəsizliyini artırmaq üçün bir neçə vacib yenilik əlavə ediblər.
Chrome 142-nin əsas yenilikləri bunlardır:
Lokal sistemə icazəsiz müraciətlərə qarşı qoruma — indi ictimai saytlarla işləyərkən brauzer kompüterin daxili fayl sisteminə çıxış cəhdlərini bloklayır.
Sadələşdirilmiş Google hesab inteqrasiyası — parollar, nişanlar (bookmarklar) və digər məlumatların sinxronizasiyası üçün vahid interfeys tətbiq edilib.
Yeni proses izolyasiya modeli – Origin Isolation — hər bir veb-mənbə (sayt) ayrıca prosesdə işləyir. Bu, təhlükəsizliyi artırır, lakin yalnız 4 GB-dan çox RAM olan sistemlərdə aktivləşir.
Şübhəli əlavələrin avtomatik söndürülməsi — Chrome Web Store qaydalarını pozan, istifadəçinin xəbəri olmadan quraşdırılan və ya manipulyativ metadata istifadə edən brauzer əlavələri (Windows və macOS-da) avtomatik deaktiv edilir.
Android versiyasında süni intellektlə aşkar edilən fırıldaqçı səhifələr barədə xəbərdarlıqlar — LLM modelləri saytlardakı məzmunu analiz edərək saxtakarlıq əlamətlərini müəyyənləşdirir.
Post-kvant şifrələmə alqoritmlərinin deaktiv edilməsi — WebRTC bağlantılarında istifadə olunan DTLS (Datagram Transport Layer Security) protokolunda bu alqoritmlər müvəqqəti dayandırılıb.
Bundan əlavə, Google nümayəndələri bildiriblər ki, bu versiyada 20 təhlükəsizlik boşluğu aradan qaldırılıb, onlardan 7-si yüksək riskli kateqoriyaya daxildir.
Chrome 142 versiyasının bütün dəyişiklikləri ilə (ingiliscə) Google-un rəsmi saytında tanış olmaq mümkündür.





