Apple sentyabr təqdimatında yalnız iPhone-ları deyil, flaqman smart-saatlari Watch Ultra 3-ü də yenilədi. Yeni model indi peyk rabitəsini dəstəkləyir, batareya ömrü artırılıb və hipertoniya diaqnostikası funksiyası əlavə olunub.
Saat OLED ekran ilə gəlir, LTPO3 texnologiyası sayəsində Always-On Display (AOD) rejimində ekran saniyədə bir dəfə və ya bir dəqiqədə bir dəfə yenilənə bilər. Batareya ömrü gündəlik istifadə zamanı 42 saata, GPS və ürək ritmi aktiv olduqda 20 saata, enerji qənaət rejimində isə 72 saata çatır.
Ultra 3 modellərində iki tərəfli peyk rabitəsi mövcuddur – istifadəçi peyk vasitəsilə mesaj göndərib ala bilər. Avtomatik koordinat göndərmə funksiyası təyin olunmuş şəxslərə məlumat ötürür, həmçinin saat qəza və ya düşmə aşkar etdikdə və istifadəçi cavab verməsə, peyk vasitəsilə yerini paylaşa və ya təcili xidmətləri çağıra bilər.
Yeni saatda hipertoniya diaqnostikası funksiyası da əlavə olunub: cihaz son 30 gündə istifadəçinin statistikasını izləyir və davamlı simptomlar aşkar etdikdə xəbərdarlıq edir. Bu funksiya hələ sertifikatlaşdırılmayıb və sentyabrın sonuna qədər aktiv olması gözlənilir.
Ultra 3 həmçinin şəxsi Workout Buddy motivatoru və yeni Waypoint saat üzü ilə gəlir, kompasa əsaslanan naviqasiyaya kömək edir. Dəstəklənən funksiyalar arasında yuxu monitorinqi, məşq statistikasının aparılması və 5G modemi vasitəsilə iPhone olmadan zəng etmək və mesaj göndərmək də var.
Aksessuar seçimləri yenilənib: Trail Loop reflektiv sapla, Ocean Band və Alpine Loop yeni rənglərlə təqdim olunur. Hermès kolleksiyasına isə titandan qıfıllı Scub’H Diving və iki yeni En Mer rəngi əlavə olunub.
Qiymət: 799 dollardan başlayır. Saatlar artıq sifariş üçün mövcuddur və satışa 19 sentyabr tarixindən çıxacaq.