Apple səssizcə iOS 26-nın beta versiyasına yeni bir funksiya əlavə edib. Söhbət 25 Vt gücündə sürətli simsiz şarjı dəstəkləyən Qi 2 standartından gedir. Ən önəmlisi isə odur ki, bu dəfə funksiyanı yalnız Apple-ın orijinal MagSafe aksesuarları deyil, istənilən uyğun Qi 2.2 və ya Qi 2 cihazları təmin edəcək.
Bundan əvvəl iPhone 16 modelləri 25 Vt simsiz şarjı yalnız Apple MagSafe və 30 Vt-lıq adapterlə istifadə zamanı dəstəkləyirdi. Yenilənmədən sonra isə istifadəçilər istənilən brendin uyğun aksesuarları ilə eyni sürətdə şarj imkanı əldə edəcəklər.
Funksiya iPhone 16 seriyasının bütün modellərində aktiv olacaq, yalnız iPhone 16e istisna təşkil edir. Rəsmi elan hələ verilməsə də, həvəskarlar bu yeniliyi iOS 26-nın test buraxılışında aşkarlayıblar.