İqtisadiyyat Nazirliyiin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ABŞ-nin Stənford Beynəlxalq Tədqiqat İnstitutunun (SRI International — Stanford Research Institute) İnnovasiya Strategiyası və Siyasəti Mərkəzinin direktoru Kristiana MakFarland və institutun Strateji inkişaf üzrə baş direktoru Lourens Li ilə videokonfrans formatında görüşüb.
Görüş zamanı 4SİM-in fəaliyyət istiqamətləri barədə məlumat verilib, texnologiyaların iqtisadiyyatın şaxələndirilməsində rolu, sənaye 4.0 dövründə rəqəmsal iqtisadiyyatda tələb olunan bacarıqların inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Rəqəmsal iqtisadiyyat, tədqiqat və inkişaf sahələrində mümkün birgə təşəbbüslər nəzərdən keçirilib.
SRI International ABŞ-nin Kaliforniya ştatında yerləşən, elmi-tədqiqat və texnoloji innovasiyalar sahəsində fəaliyyət göstərən müstəqil, qeyri-kommersiya institutudur. Qurum süni intellekt, robototexnika, biotexnologiya, müdafiə, təhsil və sağlamlıq kimi sahələrdə qabaqcıl tədqiqatlar aparır və yeni texnologiyaların kommersiyalaşdırılması ilə məşğuldur.
Qeyd edək ki, tərəflər arasında ilk görüş cari ilin iyun ayında San-Fransiskoda keçirilən Qlobal Texnologiya Forumu (GTR 2025) çərçivəsində baş tutub. Dünya İqtisadi Forumu tərəfindən “GTR 2025” iştirakçıları üçün SRİ-yə təşkil olunan səfərdə 4SİM-in nümayəndə heyəti də iştirak edib.