19–20 iyun 2025-ci il tarixlərində Jolly Joker Baku və Daş Salnamə Muzeyində növbəti dəfə Baku ID innovasiya festivalı keçirilib. Bu ilin mövzusu “The Regional Nexus” olub və tədbir Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığın inkişafına həsr edilib.
İki gün ərzində investorlar, startaplar və qonaqlar festivalın dinamik atmosferinə qərq olaraq geniş netvörkinq imkanlarından, məhsuldar görüşlərdən və yeni tərəfdaşlıqlar qurmaq fürsətlərindən yararlanıblar. Tədbirdə 32-dən çox yerli və xarici investor, 200-dən artıq startap, 4000-dən çox qonaq və 21 tərəfdaş iştirak edib.
Festivalın ən yaddaqalan məqamlarından biri startap müsabiqələri olub. Bu müsabiqələr təkcə regionun ən perspektivli layihələrini nümayiş etdirməklə kifayətlənməyib, həm də gənc sahibkarlara investorlarla əməkdaşlıq qurmaq və öz ideyalarını reallaşdırmaq üçün yeni imkanlar yaradıb.
Bənzər tədbirlərin Azərbaycanın startap ekosisteminin inkişafına necə töhfə verdiyi barədə SABAH.HUB-un baş icraçı direktoru Rahim Bayramlı ilə söhbət etdik.
— Səkkiz il əvvəl jurnalımızda Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırovla müsahibə dərc etmişdik. O həmin vaxt qeyd etmişdi ki, gələcəkdə Azərbaycanın startap təsisçiləri öz uğurları sayəsində Lamborghini sürə biləcəklər. Sizcə, hazırda bu hədəfə çatmışıq?
— Əminliklə deyə bilərəm ki, bu istiqamətdə müəyyən irəliləyişlər var (gülümsəyir). Bunu startapların sayı və onların cəlb etdiyi investisiya məbləği açıq şəkildə göstərir. Lakin unutmaq olmaz ki, həm təsisçilər, həm də investorlar üçün belə nəticələrə aparan yol birbaşa ilkin səhmlərin yerləşdirilməsi (IPO) və ya çıxış strategiyasının (Exit Strategy) düzgün və vaxtında həyata keçirilməsindən asılıdır. Bu isə layihənin real gəlir gətirməsini təmin etməklə yanaşı, biznesin ümumi dəyərləndirilməsinin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasına şərait yaradır.
Qlobal təcrübə göstərir ki, startapın yüz milyonlarla və ya milyard dollarlıq dəyərləndirməyə çatması və ya satış prosesinin reallaşması adətən ən azı 7–8 il, bəzən isə daha uzun müddət tələb edir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın innovasiya və startap ekosistemi düzgün və məqsədyönlü şəkildə inkişaf edir. Artıq yüz minlərlə dollar həcmində investisiya cəlb edən startaplar meydana çıxır, bəzi layihələr isə bir milyon dollara yaxın göstəricilərə çatır. Bu dinamika onu deməyə əsas verir ki, yaxın illərdə biz daha yüksək inkişaf mərhələsinə keçərək IPO və ya uğurlu çıxış strategiyaları kimi nəticələrə real şəkildə yaxınlaşa bilərik.
— Qazaxıstan təxminən bizimlə eyni vaxtda startap ekosisteminin formalaşdırılmasına başlayıb. Lakin orada artıq Kaspi.kz adlı “unicorn” mövcuddur və 2029-cu ilədək daha beş belə şirkətin yaranacağı gözlənilir. Azərbaycandakı vəziyyəti necə dəyərləndirirsiniz?
— Qazaxıstan startap ekosisteminin məqsədyönlü inkişafına Azərbaycandan bir qədər tez başlayıb və bu gün artıq həmin ölkədə ilk “unicorn” şirkəti formalaşıb. Bu fakt bütövlükdə region üçün önəmli və ruhlandırıcı bir nümunədir.
Eyni zamanda vurğulamaq lazımdır ki, regionda “unicorn” adlandırılan bir çox şirkətlərin uğur hekayəsi böyük korporativ şirkətlərin və ya dövlət institutlarının dəstəyi ilə mümkün olub. Bu isə innovasiya infrastrukturunun formalaşması üçün tamamilə təbii və zəruri mərhələdir.
Azərbaycanda isə müsbət dinamika açıq şəkildə müşahidə olunur. Vençur bazarı inkişaf edir, ixtisaslı kadrların hazırlanmasına aktiv şəkildə sərmayə yatırılır və dəyəri təxminən 100 milyon dollar civarında qiymətləndirilən startapların sayı artır. Sürətlə böyüyən bir neçə belə layihənin mövcudluğu ekosistemin dayanıqlı və kompleks inkişafının əyani göstəricisidir ki, bu da onun gələcək miqyaslanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bu tendensiyaları nəzərə alaraq, yaxın illərdə Azərbaycanın da öz “unicorn” şirkətlərini formalaşdıracağı gözlənilir. Bu isə ölkənin startap ekosisteminin güclənməsi və miqyasının genişlənməsi istiqamətində tamamilə yeni mərhələnin başlanğıcı olacaq.
— Bəs hələ belə startaplarımız yoxdur?
— Hələlik yoxdur, lakin vəziyyət sürətlə dəyişir. Hesab edirəm ki, yaxın iki il ərzində 2-3 startap bu səviyyəyə yaxınlaşa biləcək. Oxşar vəziyyət bu gün Qazaxıstan və Özbəkistanda da müşahidə olunur.
— Hazırda Azərbaycanda əsas investorlar kimlərdir?
— Azərbaycanda iki əsas investor qrupunu qeyd etmək olar. Birinci qrup kiçik həcmli, 20-100 min manat arası sərmayə yatıran fərdi investorlardır. İkinci qrup isə startapların inkişafına fəal şəkildə dəstək verən iri holdinqlərdir. Bu sırada xüsusilə PASHA Holding, NEQSOL Holding və SOCAR kimi şirkətlərin adını qeyd etmək olar.
Vacib məqamlardan biri odur ki, Azərbaycanda startaplara cəlb edilən investisiyaların təxminən 80%-i xarici mənbələrdən gəlir. Fikrimizcə, bu olduqca müsbət tendensiyadır. Xarici investorlar yerli startapların beynəlxalq bazarlara çıxışını asanlaşdırır və onların qlobal səviyyədə tanınmasına kömək edir. Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələrdən olan investorların bu layihələrə sərmayə yatırması göstərir ki, burada söhbət yalnız dəstəkdən deyil, konkret gəlir gözləntisindən və bu startapların potensialına olan inamdan gedir.
Bundan əlavə, qeyd edim ki, bir il əvvəl biz 25 milyon dollar kapitala malik SABAH.fund adlı vençur fondunu yaratmışıq. Bu fond təkcə Azərbaycanda deyil, eyni zamanda Mərkəzi Asiya, Cənubi Qafqaz və MENA regionunda fəaliyyət göstərən perspektivli startap layihələrinə investisiya yatırır.
— Dövlətin ekosistemin inkişafında rolunu necə qiymətləndirirsiniz?
— Dövlət burada bir neçə əsas funksiyanı yerinə yetirir. Ən birincisi – infrastrukturun qurulmasıdır. Buraya düzgün qanunvericilik, əlverişli maliyyə mexanizmləri və biznes mühitinin dəstəklənməsi aiddir.
İkinci vacib rol isə ixtisaslı kadrların hazırlanması və gənclərin motivasiyasıdır. Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu proseslərdə fəal iştirak edirlər.
Bəli, hər şey istədiyimiz qədər sürətlə inkişaf etmir, amma bütün dövlət qurumları innovasiya ekosisteminin inkişafının zəruriliyini anlayır. Bunun bariz nümunəsi SABAH.city layihəsidir. Bu layihə dövlət strukturlarının koordinasiyalı fəaliyyətini və onların innovativ klasterin yaradılmasına marağını açıq şəkildə nümayiş etdirir.
— SABAH.city layihəsinin icrası hansı mərhələdədir və bu layihənin ekosistem üçün əhəmiyyəti nədən ibarətdir?
— Hazırda SABAH.city layihəsinin birinci mərhələsinin icrası aktiv şəkildə həyata keçirilir. Ümumi ərazisi 20 hektar olan sahədə təxminən 120 min kvadratmetr tikinti sahəsinin inşası nəzərdə tutulur. Layihənin tam şəkildə başa çatdırılması 2030-cu ilə planlaşdırılıb.
Bununla belə, artıq birinci mərhələnin tikinti işlərinə start verilib və bu mərhələnin 2026-cı ilin sonunadək tamamlanması gözlənilir. Layihə çərçivəsində SABAH.city ölkənin innovasiya və təhsil ekosisteminin əsas strateji dayaqlarından birinə çevriləcək.
Bu məkan Azərbaycanın aparıcı universitetlərini, texnologiya şirkətlərini və innovativ startaplarını bir araya toplayaraq bilik, təcrübə və resurs mübadiləsi üçün vahid platforma formalaşdıracaq. Layihənin həyata keçirilməsi ölkəyə istedadlı gənclərin, investorların və beynəlxalq tərəfdaşların cəlb olunması üçün münbit mühit yaradacaq, eyni zamanda innovasiya, sahibkarlıq və təhsil sahələrinin dinamik inkişafını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
— Bəziləri hesab edir ki, startaplar yalnız kiçik həcmli mükafatlı müsabiqələrdə iştirak etməklə kifayətlənir və real inkişaf mərhələsinə keçə bilmirlər. Bu fikirlə razısınızmı və bu problemi necə həll etmək olar?
— Bu fikirlə tamamilə razıyam. Azərbaycanda ekosistemin sistemli şəkildə formalaşması cəmi 3–4 il əvvəl başlayıb. Buna qədər startap sahəsində irəli sürülən təşəbbüslər əsasən ayrı-ayrı, pərakəndə xarakter daşıyır, vahid koordinasiya və uzunmüddətli strategiya müşahidə olunmurdu.
Məqsədimiz böyük şirkətləri, holdinqləri və dövlət qurumlarını bir araya gətirərək effektiv ekosistem yaratmaqdır. Biz bütün iştirakçılara qarşılıqlı əlaqə qurmağa, təcrübə və resurs mübadiləsinə imkan verən platforma formalaşdırırıq.
Eyni zamanda, bu prosesə sahibkarlıq və startap sahəsində real təcrübəyə malik insanlar rəhbərlik etməsi də vacib amildir. Təəssüf ki, sahibkarlıq və startap sahəsində real təcrübəsi olmayan şəxslərin bu prosesdə iştirakı əsasən statistik göstəricilərlə, kiçik həcmli dəstək mexanizmləri ilə və zahirən fəallıq təsiri yaradan təşəbbüslərlə məhdudlaşır. Lakin ekosistemin dayanıqlı və dərin inkişafı üçün daha genişmiqyaslı və məqsədyönlü yanaşma zəruridir.
Bizim baxışımıza görə, ekosistemin inkişafında həlledici rolu şəxsi maraqları və dəqiq gəlir hesablamaları olan özəl şirkətlər və fondlar oynamalıdır. Yalnız belə investorlar startaplara milyonlarla dollar həcmində ciddi sərmayə cəlb etməyə və müsabiqələrdən kənara çıxaraq real böyüməyə imkan yarada bilər.
— Sizcə, komandanız bu məqsədlərə çatmaq üçün kifayət qədər təcrübə və bacarıqlara malikdirmi?
— Mən komandamdan tam arxayınam. Özüm karyerama McKinsey-də konsaltinq sahəsində başlamışam. Daha sonra LANDAU School-u yaratdıq. Bu klassik anlamda startap olmasa da, uğurlu bir təhsil layihəsidir və sahibkarlıq bacarıqlarının bariz göstəricisidir.
Daha sonra Azərbaycanın ilk uğurlu startaplarından biri olan Push30-u yaratdıq. Bu layihənin dəyəri artıq 30 milyon dollara çatıb, Özbəkistan və Qazaxıstanda gəlir gətirir və hazırda Yaxın Şərq bazarına genişlənir.
Əsas odur ki, komandamız biznes, startap və korporativ sahədə uğur qazanmış insanlardan ibarətdir. Hamısı Azərbaycanın potensialına inanır və şəxsi mövqe və vəzifə üçün deyil, real nəticə üçün bu prosesdə fəal iştirak edirlər.
— Digər ölkələrin ekosistemləri ilə əməkdaşlıq necə qurulur?
— Azərbaycan, coğrafi mövqeyi və ölçüsü baxımından, ABŞ, Çin və Hindistan kimi böyük ölkələrin tətbiq etdiyi qapalı ekosistem modelindən daha fərqli yanaşmaya ehtiyac duyur. Bu baxımdan, biz “ekosistem” anlayışını daha çox regional əməkdaşlıq kontekstində dəyərləndiririk.
Ən yaxın dövrdə biz qonşu ölkələrlə, xüsusilə Özbəkistan və Qazaxıstanla birgə əməkdaşlıq platforması qururuq və artıq bu istiqamətdə real addımlar atılır. Növbəti hədəf isə Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionları arasında münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsidir.
Belə bir əlaqəli və vahid ekosistemin yaradılması bölgədə güclü, çevik və perspektivli bazarın əsasını qoyacaq.