Tayvanın məşhur araşdırma agentliyi TrendForce xəbər verir ki, iPhone Fold daxili 7,8 düymlük və xarici 5,5 düymlük ekranlarla təchiz olunacaq. Bu məlumatı, dolayısı ilə, Apple üzrə tanınmış analitik Min-Çi Kuo da təsdiqləyir. Onun sözlərinə görə, Apple-ın qatlanan smartfonu məhz bu ekran ölçülərinə malik olacaq və həmçinin qalınlığı 4,5 mm (açıq halda) və 9 mm (qatlanmış halda) təşkil edəcək.
TrendForce-un hesabatında qeyd olunur ki, qatlanan smartfon bazarının artım tempi zəifləyir və 2025-ci ilin sonunadək cəmi 19 milyon belə cihazın satışı gözlənilir.
İstehlakçılar bu form-faktora hələ də ehtiyatla yanaşır və bazarda mövcud modellərin yığılma keyfiyyətinə tam etibar etmirlər. Agentlik hesab edir ki, Apple-ın qatlanan iPhone-u bazarda dönüş nöqtəsi ola bilər, çünki istifadəçilərin bu texnologiyaya olan münasibətini dəyişmək gücünə malikdir.
Qeyri-rəsmi məlumatlara görə, iPhone Fold Liquid (maye) metal menteşə, Touch ID skaneri və orta səviyyəli kameralarla təchiz olunacaq. Rəsmi təqdimat isə 2026-cı ilə planlaşdırılır.